Yalnızlıq (Bir dostun əziz xatirəsinə)

Havalandırmada dalğın-dalğın gəzinirdi. Səmanı tikanlı məftillərlə çevrələnmiş hündür divarların arasında görməyə alışmışdı. Bu tikanlı məftillər arasındakı bir neçə kvadrat metrlik sahədəki “göy üzü”nə bəzən bir neçə quş, bəzən bir təyyarə girir, bir neçə saniyədən sonra həbsxananın kiçik “səma”sından çıxırdı. Amma o bir quşu və ya təyyarəni görmək Yunisə azadlığı xatırladırdı, içində qəribə sevinc, ümid oyadırdı. Daş betonların altında məhv etdiyi ümidləri yenidən boy göstərirdi.

Həbsxananın sərt qayda-qanunlarla, insanı məhv edən, onu bir əşya dərəcəsinə endirən rutin proseslərə artıq alışmışdı. Hər səhər və axşam saat 8-də növbətçilər sayım üçün gəlirdi. Ayda bir də yoxlanış olurdu. Yoxlanış zamanı hər kəs bir nəfər kimi havalandırmada düzülür, 1 saat içində otaqların altı üstünə çevrilirdi. Yunis üçün yalnız bir əşyaya çevrildiyi həbsxana ilk günlər çox iztirablı olsa da zamanla alışmışdı. Artıq öz-özünə belə şikayətlənmirdi.

Bəzi cümə günləri çıxardıqları meydançada futbol oynayarkən, və ya ayda bir dəfə apardıqları həkim otağı onun üçün əsl bayrama çevrilirdi. Dörd divar arasında gördüyü plastik qab-qaşıq, beton divarlar, və kənar dünyanı bu dirilərin məzarlığından həsrətlə seyr etdiyi televizor kanalları idi. Hər bahar gələndə ağacların çiçəklədiyini zehnində canlandırar, yayda ağaclar arasında dolanardı gecə yatağına girərkən. Ən çox təbiətin, torpağa toxunmağın həsrətini çəkdiyini görürdü. Gecələr bəzən yuxuda azadlığı dadırdı, qollarını açaraq uzun uzun bir çay kənarında qaçdığını, meşəliklərdə uzun uzun nəm torpaq üzərində yataraq ətrafı seyr etdiyini, və s. söylədiyi olurdu həbsdəki dostlarına. Ancaq oyanarkən pəncərədə onun bir daş qəfəsdə olduğunu xatırladan dəmir məhəccərləri görərkən bir ah çəkirdi…

***

 Yunis artıq 3 il idi ki həbsdə keçirirdi Ramazan bayramını. Həyatının baharında böyük bir iqtidar mücadiləsinin qurbanı olmuşdu. İlk günlər üsyan etmişdi, amma beton divarların əhatəsində içindəki üsyan duyğusu yerini sükunətli bir təvəkkülə buraxmışdı. Onun bu halını kənardan görənlərin içində hətta ona qarşı qibtə duyğuları da yaranırdı. Dərin bir təvəkkül içində taleyin onun üçün hazırladığı bu oyuna qatlanırdı.

Yunis 28 yaşındaydı. Mühəndislik fakültəsini bitirəndən sonra kasıbçılıq içində yaşayan ailəsinə kömək etmək üçün orduya maaşlı leytenant kimi qatılmışdı. Hərbi xidmətini bitirməsinə 3 ay qalmış, bir yay günü yaşananlar onun taleyini kökündən dəyişmiş, bu dünyanın ən iztirablı yerinə, həbsxanaya atılmışdı. O zaman 25 yaşında olan Yunis, ölkənin ən kənar hərbi hissələrindən birində xidmət etsə də, və sadəcə kiçik leytenant olmasına baxmayaraq iqtidara qarşı bir konspirasiyanın içində olmaqdan cinayət işi açılmış, ömürlük həbsi istənmişdi. Hakim bir az insaflı çıxmış, ömürlük həbs iddiasını 12 il ilə əvəzləmişdi. Yunis o zaman bu qərarı görənləri heyrətə salacaq şəkildə təvəkküllə qarşılamış, artıq 18 aydır tutulduğu cəzaçəkmə müəssisəsinə başı dik qayıtmışdı.

Bu bayram səhəri dalğın dalğın, əlində bir stəkan çay 12 metr uzunluğundakı havalandırmada, 7 metr hündürlüyündə divarların arasında o baş bu başa gedərkən fikirlər onu öz ağuşuna almışdı. Uzun zamandır düşünmədiyi o həyatındakı ən ağrılı 3 ili keçirməsinə səbəb olan gecədə olanları düşünürdü. Axı nə səhv etmişdi? Ömrü boyu siyasi məsələlərdən kənar gəzməyə çalışmış, elə bunun üçün də mühəndislik ixtisasını seçmişdi. Xəyalı insanlarla çox da qarşılıqlı əlaqədə olmadan öz kiçik otağında kitablarla, araşdırma edərək, elmi məsələlərlə məşğul olaraq bir həyat keçirmək idi. Ancaq siyasətin zalım, qara, qəddar, güclü əlləri onu orduda, isti bir yay gecəsi yaxalamış və gəncliyini tamamən məhv etmişdi.

O gecə sevgilisi Berrin ilə danışmış, 3 ay sonra hərbi xidməti bitirər-bitirməz evə dönərək evlilik hazırlıqlarına başlayacağını çox sevdiyi Berrinə söyləmişdi. Onunla artıq 4 il idi ki, tanış idilər. Universitetdə bir kurs aşağıda oxuyan Berrin həmişə onlara kvant fizikası dərsi deyən professor Saleh Çətinin yanında gördüyü Yunisdən elə ilk baxışda xoşlanmışdı. Yunis çox yaraşıqlı olmasa da elmin ona verdiyi qəribə bir vüqar görənlərin ondan təsirlənməsinə yol açırdı. Berrinin isə mavi gözləri, gözlərinin içindəki səmimiyyət, yerişindən, baxışlarından iffət yağması Yunisi ona aşiq etməyə yetmişdi. Aralarındakı münasibət Berrin kurs işi ilə bağlı məsləhət almaq üçün professor Çətinin otağına gəldiyi zaman, professorun otağında təkbaşına bir elmi layihə üzərində çalışan Yunislə qısaca danışdıqdan sonra başlamışdı. O zaman heç kimin ağlına Yunisin özünün dəxli olmadığı siyasi bir məsələdən ötrü 12 il həbs cəzası alacağı gəlməmişdi…

Həmin gecə saat 12 radələrində komandirin zəngi ilə oyanmış, öncə telefonu açmadan səssizə alıb yatmaq istəmişdi. Bir çox leytenant, çavuş belə edir, sabahkı gün komandirə onun zəng etdiyi vaxt yatmış olduğunu bəhanə edirdi. Ancaq vicdanı əl vermədi və telefonu açdı, bu vicdanlı davranışının başına bir ömür boyu bəla olacağını və həyatını məhv edəcəyindən xəbəri olmadan. Komandir onu təcili qərargaha çağırdı, böyük bir terror hücumu ilə qarşı-qarşıya qaldıqlarını açıqlayaraq.

Yunis yuxulu yuxulu istəksizcə yerindən qalxdı. Hazırlanıb 5 dəqiqəlik məsafədəki qərargaha getdi. Komandir təcili şəhər mərkəzinə çıxmalı olduqlarını əmr etdi. Yanındakı 12 əsgərlə şəhər mərkəzinə çıxan Yunis əsl olanlardan orda xəbər tutaraq komandirə zəng edərək geri gəlmək istədiyini desə də, komandirin kəskin və qərarlı səsi onu orda qalmağa məcbur etdi. O gecə olanların sisli, dumanlı havası çəkilmədən həbs edilmişdi Yunis.

“Ölkədəki hüquq nizamını ortadan qaldırmağa təşəbbüs” cinayətini işlədiyinə dair iddia ilə məhkəməyə çıxarılan Yunisə, komandiri “O əmri mən verdim, o da yerinə yetirməliydi. Əsl əmrimi yerinə yetirməsə cinayət işləmiş olacaqdı.” deməsinə rəğmən 12 il həbs cəzası verildi.

Həbs cəzası aldıqdan sonra Berrinə kiçik bir məktub yazıb, onu unutmasını, öz həyatını qurmasını son bir xahiş olaraq çatdırdı. Berrindən geri cavab almadı. Yəqin ki artıq evlidir, bəlkə də uşaqları var artıq deyə düşündü yavaş yavaş havalandırmanın digər küncünə addımlayaraq. Əlindəki çaydan bir qurtum alaraq, divarın dibinə çöküb oturdu. Berrinin ona verdiyi pasport üçün çəkilmiş şəkli elə həbs cəzası aldığı gün, ona məktub yazmadan öncə yandırmışdı…

***

İndi həyatını keçirməyə məhkum olduğu bu 12 metrlik beton divarlarla çevrili havalandırma və kiçik bir otaqda olanları düşünürdü bu bayram sabahı Yunis. İqtidar mexanizminin qəddarlığını düşünərək, həbsdə kəşf etdiyi ilahi gücə sığındı təkrar. Bu gün açıq səmada nə bir quş, nə də bir təyyarə görünürdü. Günəş divarın yuxarı hissəsinə vururdu. Havalar da artıq isinmişdi. Bərabər qaldığı digər məhbusların ailələri bayram münasibətilə onlara verilən açıq görüş imkanından istifadə edərək ziyarətlərinə gəlmişdilər. Yunisin ailəsi isə uzaqda qalması, ucqar bir kənddə və kasıbçılıq içində yaşaması səbəbi ilə onu ziyarətə gələ bilməmişdilər. Əslində bu 3 ildə ailəsini yalnız bir dəfə görən Yunisin özü istəmişdi bunu. Həyatın ona yüklədiyi bu ağır yükü yalnız özü çəkmək istəyirdi. Kimsəyə yük olmadan.

Həbsxananın qaranlıq divarları arasında, tək-tənha oturaraq bunları düşünərkən bu 3 ilini də necə keçirdiyini dəyərləndirirdi. Dünyanın ən çətin imtahanları ilə üz-üzə qalsa da içində özgürcə yaşamaq üçün, tələbəlik illərində xəyalını qurduğu sakit çalışma otağında öz elmi layihələri ilə baş-başa keçirəcəyi bir həyatla bağlı ümidləri hələ də ölməmişdi. Onu bu dörd divar arasında yaşadan da elə bu ümidləri idi…

Bir şərh yazın