Müharibələr məhv edir həyatları. Yalnız həyatını itirənlər və ya fiziki zərbə alanlar deyil, silah səsini, barıt qoxusunu hiss edən, yaxınlarını itirən və ölüm təhlükəsi ilə üz-üzə qalan bütün insanlar ömrü boyu o dərin acını bir yük kimi ürəklərində daşıyır. Özünü ideologiyaların qaranlıq koridorlarına salmış bir insanın və ya özünü xəyali topluluqların bir parçası kimi görən, bu topluluqların qalibiyyətini var olmağının bir parçası halına gətirən insanların ehtiraslarının toqquşduğu konfliktlər, müharibələr bəşəriyyətə yaxşı heç nə gətirmədi, gətirmir və gələcəkdə də gətirməyəcək. Bu cür konfliktlər güc sərxoşluğuna qapılan ehtiras sahiblərinin özlərini də toplumsal fəlakətlərin, cinayətlərin içində boğaraq məhv edir. Belə konfliktlərdən biri də Sovetlər Birliyinin çökməsi ilə yenidən alovlanan “Dağlıq Qarabağ” konfliktidir. Milyonlarla insanın həyatını dərindən sarsan bu konflikt, yüz minlərlə ailədə dərin yaralar açmağa davam etməkdədir.
***
“Böyük Ermənistan” xülyası ilə Azərbaycan torpaqlarına iddiası olan erməni millətçiləri Sovetlər Birliyinin çökməsi ilə daha da aktivləşmişdilər. Güc boşluğunun yarandığı bu torpaqlarda zorakılıqla, torpaq işğal edərək xəyallarındakı böyük dövlətlərini qurmağa can atırdılar. Tarixin bütün dövrlərindəki kimi bu cür güc hərisliyi, zorakılıq, barbarlıq, qəddarlıq minlərlə sivil insanın həyatında silinməz izlərə səbəb olacaq, ölümlər, şikəstliklər, fəlakətlər baş alıb gedəcək, sonrakı nəsillərin həyatında da uzun illər sürəcək qatı bir düşmənçiliyin davam etməsinə səbəb olacaqdı.
Düşmənçilikdən yaxa qurtarmaq qeyri-mümkündü. Qapalı qapılar ardında bir qrup imperialist yüz minlərlə insanın acı çəkməsinə səbəb olacaq qərarlar verir, bu fəlakətlərə səbəb olan insanlar vicdan əzabı çəkmədən rahat həyatlarına davam edərkən, ağrı acılar böyük xalq kütlələrinin dünyada sakit şəraitdə yaşamaq istədikləri 60-70 illik həyatlarını məhv edirdi.
Dünyanın geri qalanı isə həmişə olduğu kimi bu acılara yalnızca kənardan, laqeydliklə baxmağa davam edəcəkdi. İnsanoğlunun təbiətində vardı çünki. Başına gəlmədən başqalarının başına gələn zülmləri, işgəncələri, barbarlıqları, qəddarlıqları, ağrı-acını anlamırdı. “Mənə dəyməyən ilan yüz il yaşasın” prinsipi də vardı bu yanaşmada. Və əsasən insanoğlu bəzi şeyləri özü yaşamadan heç bir şəkildə anlamır, vicdanında hiss etmir.
***
Bir neçə gün idi ki düşüncəli idi Rəhim. 90-cı illərin ağır şəraitində bütün duyarlı ölkə vətəndaşları kimi Rəhim də yaşadığı torpaqların gələcəyini düşünürdü. Dərin iqtisadi çalxantılarla mübarizə aparmaq məcburiyyətində olan ölkədə ən acı xəbərlər isə cəbhədən gəlirdi. Erməni millətçiləri hər keçən gün onlarla sivil insanı qətl edir, ölkə torpaqlarını addım addım işğal edirdilər. Qaçqınların, qətl edilənlərin yanında ermənilər tərəfindən əsir götürülənlər, haqlarında heç bir xəbərin alınmadığı insanlar da vardı. Rəhim anlayırdı olub keçən hər şeyi, və içində dərin iztirablar keçirirdi. Bu iztirabların ən böyüyü isə bu qədər ağrı-acını görməsinə rəğmən əlindən heç nə gəlməməsi idi. Bəzən tanrı olmaq istəyirdi, gücü, qüdrəti hər şeyə çatsın və yaşanan bu acılara son versin deyə. Bir məhkəmə qursun və buna səbəbkar olan insanları o məhkəmədə edam etdirsin. Rəhim yaxşı başa düşürdü ki, bu düşmənçiliyə, ağrı-acılara son qoymağa, sülh və rifahı bu torpaqlara gətirməyə tanrının qüdrətindən başqa heç bir qüvvənin iqtidarı çatmaz.
21 yaşında olan, Qubada kasıb bir ailədə doğulan, və Bakıda fəhlə işləyən Rəhimi səssizləşdirən, onu qayğıların içinə qərq edən bu düşüncələr idi. Bir yataqxanada yaşayan Rəhim, eyni zamanda universitetə hazırlaşırdı. İstəyi o idi ki, fars dili üzrə təhsil alsın. İşlədiyi zavodda bir qız da sevirdi- Nigarı. Nigar utancaq bir qız idi, ailəsi ilə Bakıya 10 il əvvəl gəlmişdilər. Rəhim universitetə qəbul olandan sonra ailə qurmağı planlayırdılar. Ancaq son günlər baş verən hadisələr Rəhimin könüllü olaraq müharibəyə getmək, ön cəbhədə vuruşmaq istəyi oyandırırdı və gün keçdikcə Rəhimin bu mövzudakı qərarlılığı daha da artırdı. Özü üçün heç bir çətinliyi yox idi. Yalnız Nigar və ailəsi üçün, onların nigaran qalmaması üçün qayğılanırdı.
Ön cəbhəyə getməyə qərar verən Rəhim bunu yalnız yataqxanadakı dostlarına və sevdiyi qıza xəbər verəcəkdi, ailəsi isə narahat olmasın deyə deməməyə qərar verdi onlara. Nigarla son dəfə görüşərək ona uzun zamandır beynində ölçüb-biçdiyi şəkildə hər şeyi danışdı. Nigar səssiz şəkildə, etiraz etmədən dinlədi Rəhimi. Eyni zamanda Nigara söz verdi, “cəbhədən qayıdar-qayıtmaz ailə qurarıq.”, dedi. Nigar cavab vermədi, sadəcə gülümsədi. Boynundan nənəsindən ona yadigar qalan “Ayət əl-Kürsi” duası yazılmış boyunbağını Rəhimə verdi. Rəhim onu alıb cibinə qoydu, sağollaşıb ayrıldılar. Ayrıldıqdan sonra Nigarın gözlərindən ixtiyarsız yaşlar gəlmişdi. Çünki hardasa qəlbinin dərinliklərində hiss edirdi ki, bu onların son görüşüdür. Sonrakı gün Rəhim cəbhəyə yola düşəcəkdi.
Axşam yataqxanadakı yoldaşları Rəhim üçün bir “yolasalma mərasimi” təşkil etmişdilər. Hamı deyib-gülürdü. Kimsə fikrinə pis bir şey gətirməməyə çalışırdı. Ən çox canfəşanlıq edən, Rəhimin onlarla keçirdiyi son günü yaddaqalan etmək istəyən onun otaq yoldaşı Xanoğlan idi. O, gözəl musiqiçi idi. Rəhim üçün sevdiyi mahnıları ifa etdi bir-biri ardınca. Birdən Rəhimin hardansa ağlına gəldisə üzün Xanoğlana tutub:
– Dostum, ürəyim “Vağzalı” istəyir. Mənim üçün “Vağzalı” çal.
Xanoğlan duruxdu. Bu günə qədər Rəhim üçün heç vaxt “Vağzalı” çalmamışdı. Axı “Vağzalı” Rəhimin nəyinə lazım idi ki… Bu musiqini toyda, həm də ən son çalardılar. Xanoğlan bunları düşünərkən, onu Rəhimin səsi fikirlərin arasından həqiqi dünyaya geri gətirdi.
– Qardaş, könlümə “Vağzalı” verib. Bəlkə də bu mənim elə son dinlədiyim musiqi olacaq. Kim bilir? Düşün ki, mənim toyumu edirsən. Əgər sağ qayıtsam cəbhədən, elə mənim toyumu da sən edəcəksən.
O gecənin son musiqisi olaraq, Xanoğlan “Vağzalı”nı ifa etmişdi… Fəhlə dostları ilə birgə, Rəhim də zehnində keçmişlə gələcək arasında get-gəllər yaşayaraq, sevgilisi ilə ailə həyatı quracağı günü xəyal edərək dinləmişdi “Vağzalı”nı…
***
Rəhim dostları ilə qucaqlaşıb, görüşüb cəbhəyə doğru yola düşdü. Əvvəlcə düşünmüşdü ki, cəbhəyə gedərkən onun üçün ən çətini dostlarından ayrıldığı ilk dəqiqələr, saatlar olacaq. Ancaq indi üzərində qəribə bir yüngüllük hiss edirdi. Arxada qalan heç kim üçün, heç nə üçün ürəyində kədər hiss etmirdi. Rəhim Kəlbəcər ətrafında baş verən döyüşlərə qatılmaq üçün gedirdi. Hava soyuq idi. Cəbhə xəttinə yaxınlaşdıqca qar da artmağa başlamışdı. Rəhim hələ də bilmirdi ki, ölümlə onun arasında cəmi on gün var. Bu on günlük məsafə, Rəhim üçün çox da uzun çəkmədi.
Qarlı bir qış günü düşmən mühasirəsinə düşərək, elə döyüş yerindəcə həlak oldu. Onsuz da dünya və içindəki hər şeyə qarşı həmişə məsafəli dayanmış Rəhim, ömrünün bu son dəqiqələrində daha da güclü bir təvəkkül içində çarpışmışdı. Və düşmən gülləsi ilə yerə yıxılarkən əlində bərk bərk sıxdığı, Nigarın son görüşdə ona verdiyi “Ayət əl-Kürsi” duası qalmışdı.
Qubanın Nüvədi kəndinə aparılan Rəhimin cənazəsinin başında Bakıdan gələn fəhlə dostları da dayanmışdılar. Aralarında ən çox sarsılan Xanoğlan idi. Özü ilə gətirdiyi zurna ilə “Vağzalı” ifa etdi. Ora gəlmiş bütün fəhlə dostları ağladı. Xanoğlanın üzünü ondan sonra güldüyünü heç kim görmədi.
***
Rəhimin ölümündən illər keçmişdi. Xanoğlanın evində kiçik Rəhim böyüyürdü. Dostunun adını oğluna verərək bir az da olsun təsəlli tapmışdı. Amma bu torpaqlardakı müharibələr hələ də neçə neçə cavanları almışdı. Ailələrin bir çoxu yaşanan acılardan öz nəsibini almışdı… analar oğulsuz, uşaqlar atasız, gənc qızlar ömürlərinin baharında ölümə yürüyən cavanları itirərək sevgilisiz, ərsiz qalmışdı.
Erməni millətçilərini qızışdırıb qonşu dövlətin torpaqları hesabına böyük Ermənistan qurmaq xülyası ilə bir xalqın beynini zəhərləyənlər yenə də əvvəlki kimi böyük malikanələrində viskilərini içərək öz imperialist siyasətlərindən danışırdılar. Məhv olmuş həyatların, qətl edilmiş cavanların, qadınların, uşaqların, yaşlıların ağrı-acısını vicdanlarında daşımadan.