Müsəlman sivilizasiyasının dünyanın ümumi inkişafından geri qaldığı aşkar bir həqiqətdir. Təkcə dünyada Nobel mükafatçıları ilə bağlı statistikaya baxmaq bəzi məsələləri anlamağa kifayət edir. Belə ki, iki milyardlıq müsəlman sivilizasiyası ortaya bir çoxu (12 mükafatdan 7-i) fundamental kəşflərə aid olmayan Sülh mükafatı olmaqla (Malala Yusufzai, Ənvər Sədat, Yasir Ərəfat kimi) cəmi 12 Nobel mükafatçısı çıxarda bilib. Bu rəqəm, təqribən, 15-20 milyonluq yəhudi sivilizasiyası üçün 150-ə bərabərdir. Bu geri qalmışlığı müsəlman ölkələrinin ÜDM-i və onun qərb ölkələri ilə müqayisəsi kimi fərqli statistik faktlarla da izah etmək mümkündür. Bəs dövrün reallıqları ilə uzlaşa bilməmək, sənət, düşüncə və elm sahələrində ortaya fundamental əsərlər qoya bilməmək nə ilə bağlıdır?
Əvvəlcə qeyd etmək lazımdır ki, müsəlman dünyasının digər sivilizasiyalar qədər inkişaf etməməsi İslam coğrafiyasının müxtəlif bölgələrində fərqli etnik, mədəni və ideoloji köklərə bağlı müxtəlif filosoflar, din adamları və sosial elmlərlə məşğul olanlar tərəfindən araşdırılıb və fərqli fikirlər irəli sürülüb. Sözügedən geri qalmışlıqla bağlı fərqli diskussiyalar, təqribən, iki yüz il əvvəl başlayıb. Osmanlıda “Tənzimat” islahatları “Qərb” modelinin güclü olduğunu qəbul edərək, həmin modeli “özününküləşdirmə” yolunu tutarkən, din adamları əsas problemin “İslamdan uzaqlaşma”, “kafirlərə bənzəmə” olduğunu iddia edərək yeganə çıxış yolu kimi “orijinal islama qayıdış”ın üzərində dayanıb.
Ortaya çıxan “sekulyar-islamçılıq” ideoloji mübahisələri ötən əsrə də öz damğasını vurmuşdu. Görünən budur ki, populyar mübahisələrdə səbəb kimi süni məsələlər əsas götürülmüş, intellektualların bir qismi kor-koranə Qərbə yönəlməyi, İbn Haldunun “Müqəddimə” əsərində dediyi kimi, “məğlub və gücsüz olanlar qalib və güclü olanları təqlid etməyə meylli olduğu üçün” Qərbin bütün dəyərlərini mənimsəmək yolunu seçmişdi. Digər qrup isə Qərbin üstünlüyü qarşısında “Tanrı” inancını yenidən diriltməyi, ibadətlərlə – əsas problemin, yuxarıda da qeyd edildiyi kimi, islami dəyərlərdən qopmaq olduğunu düşündükləri üçün – güc qazanmaq, dünyada hakim olmaq kimi rasional dəyərləndirmələrdən arındırılmış, tamamilə mistik yola yönəlməyi təklif etmişdi.
Birincilər, cəmiyyətlərin sosio-mədəni inkişafını, təbii prosesləri gözardı edib yuxarıdan aşağı modernləşmə tərəfdarı olduqları üçün, ikincilər isə problemi “ağıl” və “mühakimə” yerinə mistik dəyərləndirmələrlə həll etməyə çalışdıqları üçün böyük bir sivilizasiyanın inkişaf prosesini iki fərqli ideologiya çərçivəsinə salıb məhdudlaşdırmışdılar.
Aydındır ki, Qərbin üstün mövqeyə keçməsi intibah mədəniyyətinin gətirdiyi “humanizm”- insan mərkəzli ideyaların kilsənin Tanrı mərkəzli doqmatik prinsiplərini əvəz etməsi sayəsində, rasional dəyərləndirmələrə yönəlməklə mümkün olmuşdu. Kantın “Aydınlanma nədir?” yazısında da qeyd etdiyi kimi: “Aydınlanma – bir insanın öz qəbahəti ucbatından yetkin olmamaq vəziyyətindən çıxmağıdır. Yetkin olmamaq o deməkdir ki, insan, başqa birinin rəhbərliyi olmadan öz ağlından istifadə edə bilmir. Yetkin olmamağın səbəbi o zaman insanın özündən qaynaqlanır ki, insan, başqasının rəhbərliyi olmadan öz ağlından istifadəyə cəsarət edə, sərbəst qərar verə bilmir. Sapere aude! Deməli, aydınlanmanın aparıcı şüarı belədir: Öz ağlından istifadə etməyə cəsarətin olsun! (Tərcüməçi- Zülfiyyə Əbdürrəhimova)”.
Klassik cəmiyyətin rasional dəyərləndirmələrdən uzaq olan “insan günahkar varlıqdır, Tanrı Adəmi cənnətdən qovub, buna görə də, Adəm övladı bu dünyada sürgün həyatı yaşayır” ideyaları insan ağlını “oyundan çıxartmış”dı. Nəticədə krallar və din xadimləri görünməz və bilinməz Tanrının yer üzündəki kölgəsi adıyla hakimiyyətlərini təmin etmişdilər. Modernlik və aydınlanma isə bütün çatışmaz tərəfləri ilə insan ağlına üstünlük verir, inkişafın mənbəyinin “ağıl” olduğunu önə sürmüş və kollektiv ağılla cəmiyyətlərin qarşılaşdığı problemlərin həlli yollarını axtarırdı.
İslam dünyasında insan ağlı müsəlmançılığın yayıldığı ilk dövrlərdə ön plana çıxsa da, XI-XII əsrlərdən arxa plana keçməyə başlamışdı. “Ağıl”ın müsəlmançılığın təməlində dayanan “vəhy”i sual altına alıb İslam dinini təhlükə altında qoyma riski bəzi kəlamçı-filosofların da ağıl yerinə keçmişdən gələn mətnlərdəki fikirləri mühakiməsiz qəbul etməsinə səbəb olmuşdu. İbn Rüşd, Farabi, İbn Sina kimi rasional ağılı ön planda tutan, kainat-insan-Tanrı əlaqələrini səbəb-nəticə əlaqəsi vasitəsilə izah edən filosofların yerinə, səbəb-nəticə əlaqələrini rədd, vəhyin ağıldan mütləq üstünlüyünü qəbul edən, bütün hadisələri “Tanrı iradəsi” adlandıran bir düşüncə sistemi yaranmışdı. Bu düşüncə yüzilliklər boyu müsəlman cəmiyyətlərini erroziyaya uğratmış, analitik təfəkkürü məhv edərək, onun yerində din adamlarının doqmatik, hər cür mühakiməyə qapalı prinsiplərini inşa etmişdi. Nəticədə “ağıl”ın rəhbərliyində təbii inkişaf prosesinin qarşısı kəsilmiş, insanlar düşüncə təmbəlliyinə meyllənərək inkişafdan geri qalmışdılar. İnanc sistemlərinin içində olan gələcək utopiyası isə cəmiyyətləri açıq-aşkar korluğa, elm və sənətdən uzaqlaşmağa sövq etmişdi. Ağıl və elmin rəhbərliyindən kənar, dünyaya hansısa möcüzə ilə hakim olmaq xəyalları nəsilləri uzun illər, bəlkə də yüzilliklər boyu məhv etməyə yetərli olmuşdu.
Düşünməklə, əqli mühakimələrlə sarsılacaq inancın isə təməli möhkəm olmur. Həmin inancları həm mühakimələrdən uzaq tutmaq, həm də həmişəyaşar prinsiplərə çevirmək cəhdləri ən çox bu tip cəmiyyətlərə zərər verir. Anlamaq lazımdır ki, bu coğrafiyalarda cəmiyyətlər irrasional dəyərləndirmələr ucbatından bir-birinə düşmən ola, radikal qruplar bir-birinə meydan oxuya, insanlar isə elm və sənətlə məşğul olub mədəni baxımdan inkişaf etmək yerinə, belə qrupların əsirlərinə çevrilə bilərlər.