XXI əsrdə qadın

Bəşəriyyət sənaye inqilabı ilə sürətli inkişaf mərhələsinə keçid etsə də, irqi, dini, cinsi ayrıseçkilik, iqtisadi qaynaqların bərabər paylanmaması kimi problemlər ötən bu uzun zaman müddətində ortadan qalxmayıb, sadəcə xroniki fazaya keçib və insanoğlunun üst üstə gələn yalnış həmlələri ilə ortadan qalxması gözlənilmir. Uzun zamandır varlığını qoruyan və feminist ideologiyanın ortaya çıxmasının səbəbi olan qadın haqları məsələsi isə ən ciddi problemlərdəndir.

Sabah 8 martdır. Beynəlxalq qadınlar günü. Bu münasibətlə dünyada və aid olduğumuz mədəniyyətdə qadının yeri ilə bağlı bir neçə fakta nəzər salaraq həcm olaraq çox da böyük olmayan bir yazı yazmağa qərar verdim. Dünyada yazılan şeirlərin, romanların, çəkilən film və serialların əksəriyyəti qadınlarla bağlı olsa da, kişilərin qadınlardan ötrü fəda olduğu parlaq sözlərlə ifadə edilsə də, qadınlar gül-çiçəkdir deyilsə də fərqli qaynaqlardan kiçik bir araşdırma ilə ortaya çıxan, bu yazıda nəzər salacağımız faktlar bunun əksini söyləyir.

Bu baxımdan ən narahatedici fakt odur ki, dünyada oxuma yazma bilməyən insanların təqribən 70 faizi qadındır. Əlbəttə bu rəqəmin ətdən qandan ibarət insanlara aid olduğunu düşünəndə nə qədər ciddi məsələ olduğunu anlayırıq. Bu 70 faizlik rəqəm eyni zamanda hüquqlarını qoruya bilməyən, həyat şəraiti digər cinsin nümayəndələrindən qat-qat aşağı insan kütləsini özündə ehtiva edir. İqtisadi və hüquqi çətinliklərlə yanaşı normal gigiyenik vasitələrə əl çatmaması baxımından müxtəlif xəstəliklərin ortaya çıxması və yayılması, eyni zamanda təhsilsiz olmağın gətirmiş olduğu problemlər nəzərə alındığında bu məsələ qadınlarla bağlı problem olmaqdan çıxır və ümumbəşəri xarakter alır.

Digər maddi datalara nəzər salsaq görərik ki, dünyada toplam maddi mülkiyyət 300 trilyon dollardan çox olsa da bu rəqəmin sadəcə 5 faizi qadınlara məxsusdur. Qərb ölkələri liberalizm, demokratiya və qadın haqları baxımından irəli səviyyədə olduqlarını iddia edirlər. Açıqdır ki yuxarıda qeyd edilən 300 trilyon dollardan çox maddi varlığın əksər hissəsi Qərb ölkələrində olsa da bu rəqəmin çox kiçik bir hissəsi qadınlara aiddir. Yəni qadın haqları problemini yalnız 3-cü dünya ölkələrinə aid etmək düzgün deyil. Ancaq qadın haqları pozuntuları ilə məhdud inkişaf etmiş iqtisadiyyat sistemləri arasında bir korrelyasiya olduğu da danılmazdır. Əlbəttə inkişafın ləng getdiyi ölkələrdə təhsil sektorunun zəif inkişaf etməsi bu problemin də dərinləşməsinə təkan verir.

Bundan əlavə, dünyada bütün daşınmaz əmlak sahiblərinin isə sadəcə 1 faizi qadınlardır. dünyada daşınmaz əmlakın 99 faizinin kişilərə aid olması faktı eyni zamanda sosioloji gerçəkliklərdən, qadın haqlarının kobud şəkildə pozulmasından, zorakılıqdan xəbər verir. Feminizmin tüğyan etdiyi ölkələrdə belə bu mövzuda qadınlar və kişilər arasında bərabərlik təmin edilməmişdir.

Bu mövzuda digər bir fakt isə qadınların ölkələrin bütün rənglərinin təmsil olunduğunun iddia edildiyi parlamentlərlə bağlıdır. Dünya miqyasında qadınların parlamentdə təmsil olunması sadəcə 20 faizdir. BMT-nin bu günə qədərki baş katiblərindən heç biri qadın olmamışdır. Nazir, səfir və digər yüksək səviyyəli vəzifədə olan qadınların faizi isə sadəcə 10 faizdir. Əlbəttə bu qadın haqlarının daha çox qorunduğu Skandinaviya regionundan olan ölkələr hesaba qatıldığında ortaya çıxan rəqəmdir. Yaxın Şərq və digər müsəlman ölkələrində isə bu rəqəm daha da aşağıdır.

Dünya miqyasında hər üç qadından biri həyatının bir dövründə şiddətə məruz qalır. Ortaya çıxan digər maraqlı statistik fakt isə həyatının bir dövründə qadınların 20 faizi pis rəftar və təcavüzlə üzləşir. Bu rəqəm vətəndaş müharibəsinin getdiyi Suriya və İraq kimi ölkələrdə daha yüksəkdir.

Bu faktlarla bağlı əlavə bir açıqlama yazmağa gərək yoxdur. Bütün insanların ədalətin, sülhün və ümumi rifahın əsas götürüldüyü bir dünyada yaşaması arzusu ilə bütün qadınların bayramı mübarək olsun.

Bir şərh yazın