Yeni çağırışlar və Azərbaycan təhsil müəssisələri

Dünya təhsilində hər gün yeniliklər baş verir. Texnologiyanın sürətli inkişafı və yeni ixtisaslara artan tələblər universitetlərdən gündəlik şərtlərə adaptiv yanaşma tələb edir. Əslində qeyri-ənənəvi və qeyri-formal tədrisin əhəmiyyətinin artması, universitetlərin rolunun da yenidən sorğulanmasına gətirib çıxarmışdır. Nəticədə dünyada hazırda özəl müəssisələrin və eləcə də dövlət müəssisələrinin ehtiyac duyduğu bacarıqları insanlar qeyri-formal və ya digər qurumların vermiş olduğu qısamüddətli təhsillə də qazana bilirsə və işlər daha yaxşı görülürsə, universitet təhsili arxa plana keçə bilir. Nümunə olaraq CELTA sertifikatı qısa müddətli ingilis dili müəllimliyi təliminin nəticəsində alınsa da, dünyada prestijli müəssisələr tərəfindən əksər universitetlər tərəfindən alınmış 4 illik bakalavr diplomundan daha çox tərcih edilir. Bu mənada universitetlər təklif etdiyi proqramları müasir iş mühitində tələb edilən bacarıqlara uyğunlaşdırdığı ölçüdə uğur qazanmış sayılır. Yəni universitetlər öz proqramlarını elə qurmalıdır ki, spesifik, faydalı, çevik və iş bazarının tələblərinə uyğun olsun.

Azərbaycan ümumitəhsil müəssisələrinin, xüsusən ali təhsil müəssisələrinin, bu kontekstdə problemləri həm subyektiv səbəblərdən, həm də obyektiv səbəblərdən olduqca çoxdur. Müşahidə edildiyi qədər universitetlərin bəzi məsələlərdə, tədris sistemini optimallaşdırmaq baxımından xarici mütəxəssisləri dəvət etmə, universitetdə müxtəlif növ innovativ ixtisasların açılması, tədqiqat metodları ilə bağlı məsələlər və s baxımından problemləri vardır və ciddi mənada həll edilməmiş qalır. Bu yaxınlarda Elm və Təhsil Naziri Emin Əmrullayev çıxışlarının birində qeyd etmişdi ki, özünə hörmət edən hər hansı bir xarici mütəxəssis Azərbaycandakı proseslərdən keçmək istəmir. Alimin işi tədqiqat aparmaqdır, sənədlərlə vaxt keçirmək yox (https://www.bakupost.az/az/ozune-hormet-eden-alim-azerbaycandaki-proseslerden-kecmek-istemir-nazir). Bu kifayət qədər ciddi özünütənqid sayıla bilər və Azərbaycanın müasir dünyada elm və innovasiya sahəsində ortaya çıxan problemlərinin böyük bir qismini açıqlayır. Azərbaycan universitetlərinə xarici mütəxəssislərinin dəvət edilməsində çətinliklər yeni ortaya çıxmış və dövrün tələblərini də ifadə edən ixtisasların universitetlərdə tədrisini ya ləngidir, ya da mümkünsüz edir. Beynəlxalq mütəxəssislərin Azərbaycanın əksər universitetlərinə dəvət edilə bilməməsi bu universitetlərin həm yerli, həm də xarici tələbələr üçün cazibədarlığını azaldır.

Digər bir məsələ isə büdcə məsələsidir. Reytinq sıralamalarında ön planda olan, keyfiyyətli araşdırmaların və tədrisin aparıldığı dünya universitetləri ilə müqayisədə Azərbaycan universitetlərinin illik tədqiqat büdcəsi məhdud qalır. Universitetlərin bu mənada obyektiv əsaslı sistemik problemləri var. Universitetlərə Publik Hüquqi Şəxs statusunun verilməsi bu problemi həll etmək üçün sistemdən qaynaqlanan problemləri həll etmək yolunda ciddi bir addım olsa da subyektiv səbəblərdən, universitetlərin proseslərə adaptasiya ola bilmə bacarığının zəif olması baxımından effektiv sayıla bilməz. Publik Hüquqi Şəxs statusu reallıqda universitetlərə investisiyaların qoyulması, iş dünyası ilə yeni və faydalı əlaqələrin qurulmasına təkan vermədiyi müddətcə ondan gözlənilən nəticəni əldə etmək qeyri-mümkündür.

İnternetdə dolaşan, Einstein-ə aid edilən, təxmini olaraq belə bir mənaya gələn bir söz var: problemi yaradan beyinlərlə həmin problemlər həll edilə bilməz. Azərbaycanın bir çox universitetinin əsas problemi də budur. Statik və köhnə nəzəri biliklərlə, bu biliklərə sahib olan beyinlərlə, yeni dünyada rəqabət mümkün deyil. Universitet heyəti sürətlə dəyişən dünyaya uyğunlaşmaq üçün kəskin şəkildə özünü yeniləməli, keçmiş düşüncə konseptlərini, alışqanlıqlarını bir kənara qoyub yeni dövrün və çox sıx şəkildə öz içində də yenilənən düşüncə sistemini mənimsəməlidir. Universitetlər eyni zamanda, konkret olaraq yeniliklərə açıq, yeni düşüncənin gətirmiş olduğu yeni paradiqmaları qəbul edə biləcək səviyyədə dinamik kadrlarla işləməlidir. Təhsil haqqında qanun isə qısa zamanda təhsil müəssisələri önündə yaranan çətinlikləri aradan qaldırmaq üçün dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Azərbaycanda, xüsusən Prezident İlham Əliyevin sərəncamları ilə yerinə yetirilən xaricdə təhsil proqramları ilə, formalaşmış ciddi insan kapitalı vardır. Bu insan kapitalından effektiv istifadə olunması, onların özəl və ya dövlət müəssisələrinin yerinə universitetlərin cazibədar hala gətirilərək tədqiqatlara cəlb edilməsi problemlərin həlli istiqamətində faydalı ola bilər. Bu kontekstdə, ölkənin inkişafı, rəqabətcil işçi qüvvəsinin təmin edilməsi baxımından, Azərbaycan universitetlərinin üzərinə ciddi məsuliyyət düşür.

Digər bir məsələ isə orta məktəblərdə ingilis dilinin tədrisi ilə bağlıdır. Əksər ali məktəblərin birdən-birə ingilis dilli tədrisə keçməsini gözləmək yalnış olardı amma bu yöndə ciddi, məqsədyönlü işlər aparmaq lazımdır. İngilis dili beynəlxalq kommunikasiya, elm, texnologiya və biznes sahələrində ən vacib dil kimi qəbul edilir. Orta məktəblərdə ingilis dilinin keyfiyyətli tədrisi şagirdlərə yalnız qrammatika və lüğət öyrətmək deyil, eyni zamanda qlobal miqyasda baş verən dəyişiklikləri izləmək, beynəlxalq resurslardan yararlanmaq və müxtəlif mədəniyyətlərlə əlaqə qurmaq imkanı verir. Azərbaycanda orta məktəblərin çoxunda ingilis dili tədris olunmasına baxmayaraq, metodologiya, müəllimlərin hazırlıq səviyyəsi və dərs vəsaitlərinin keyfiyyəti məsələsində problemlər mövcuddur. Tədris sistemi müasir yanaşmaları mənimsəyərək, şagirdlərin yalnız yerli test imtahanları üçün deyil, real həyatda ingilis dilini effektiv istifadə etmələri üçün praktiki bacarıqlar üzərində fokuslanmalıdır. Bu xüsusilə də əmək bazarının tələblərinə uyğun olaraq gənclər üçün gələcək karyeralarını qurarkən böyük üstünlük təmin edir. Orta məktəbdə keyfiyyətli ingilis dili tədrisi şagirdləri həm beynəlxalq prestijli universitetlərə hazırlaşdırır, həm də müasir dünyada ən vacib bacarıqlardan biri olan effektiv kommunikasiya imkanları yaradır.

Bir şərh yazın