Müəllim maaşı və təhsil

Bu yaxınlarda Elm və Təhsil naziri Emin Əmrullayev təhsil strategiyası haqqında ciddi və geniş müsahibə verdi. Nazir o çıxışında təhsilin ciddi problemlərinə toxundu. Əlbəttə ki, qəbul etmək lazımdır ki, təhsil sistemini bir gün içində dəyişmək, hətta bir il içində dəyişmək qeyri-mümkündür. Bunun üçün nəsillərin dəyişməsi, və hazırkı təhsil sahəsində çalışanların yeniliklərə adaptasiyasını təmin etmək, eləcə də düzgün qurulmuş təhsil strategiyasına elə nazirin özü demişkən vicdanlı insanları, müəllimləri cəlb etmək lazımdır.

Bu gün cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri müəllim maaşıdır. Yaxın keçmişlə müqayisə edildiyi zaman, bu sahədə ciddi addımların atıldığı görünür. Müasir kapitalist dünyagörüşündə insan əlində olanları, öz əməyinin məhsulunu satır və əvəzində maddi gəlir əldə edir, ona lazım olan ehtiyacları qarşılayır. Müəllim isə bu sistem içində öz biliyini satır, və bu gün bütün dünyada müzakirə edilən bilik cəmiyyətində bilik ən bahalı məhsul olmalıdır. Hazırkı dünya sisteminin kodları içində bu fəlsəfəni qavrayan cəmiyyətlər özlərinə rifah qura bilirlər, vətəndaşlar rifah içində yaşaya bilir və dövlətlər inkişaf etmiş dövlətlərə çevrilirlər. Əksər elmi araşdırmalar göstərir ki, təhsil səviyyəsi ilə inkişaf etmişlik arasında ciddi bir korrelyasiya vardır. Bəs müəllim maaşının artırılması bu məsələyə necə təsir edir?

Dünən LinkedIn platformasında gördüyüm, özümə maraqlı gəldiyi üçün iki elmi araşdırmanın nəticəsini paylaşmışdım. İndoneziyada aparılan bir araşdırmaya görə müəllim maaşının ikiqat artırılması müəllimlərin iş məmnuniyyətini ciddi ölçüdə artırıb və maliyyə stresinin aradan qaldırılmasına kömək edib. Ancaq bu artım müəllimlərin bilik səviyyəsinə və dərs dedikləri şagirdlərin standart testlərdən toplamış olduqları ballara ciddi təsir göstərməyib. Harvardda Denise-Marie Ordway tərəfindən aparılmış digər bir araşdırma isə ortaya çıxarır ki, müəllim maaşları şagirdlərin nəticələrinə təsir edə bilər. Ümumiləşdirsək, araşdırmalardan çıxan nəticə belədir ki, müəllim maaşı təhsil keyfiyyətinə təsir edə bilər, ancaq bu, təhsildə keyfiyyəti təyin edən tək faktor deyil. Seçilmiş kurrikulum və onun institusional səviyyədə tətbiqi, təhsil müəssisəsinin resursları, şagirdlərin və ya tələbələrin sosio-iqtisadi vəziyyəti də əhəmiyyətli dərəcədə rol oynayır.

Bunu paylaşdıqdan sonra müəllim maaşı və təhsilin keyfiyyətinə təsiri haqqında Amerikada Nyu Yorkun Adelfi Universitetində mühazirələr verən qrup yoldaşım və dostum Nəcməddin Axundov yazdı ki, müəllim maaşları uzun müddətdə təhsilin keyfiyyətini artıran ən əhəmiyyətli faktor ola bilər. Onunla mövzu ətrafında kiçik bir müzakirə apardıq. Maaşların kifayət qədər yüksək olması ən bacarıqlı insan potensialını bu sektora yönəldə, və uzun müddətdə təhsilin keyfiyyətinə ciddi təsir göstərə bilər. Hətta sadə görünən, amma ciddi dəyişikliklərə səbəb olacaq həll yolunu da vurğuladı. Hökumət, təhsil nazirliyi yaxın 4-5 ildə müəllim maaşının dəfələrlə qalxacağının, dövlət qulluğunun yüksək dərəcələrinə ekvivalent maaş elanını versə, bu yöndə simvolik olmayan, ciddi təqaüd imkanları yaratsa, təhsil sahəsinə ən zəkalı, ən bacarıqlı, gənc və dinamik kadrların cəlb edilməsinə şərait yaratmaq mümkündür.

İngilis dilini, IT sahəsini mükəmməl bilən, dünyada müasir tədris metodları ilə tanış olan, gənc, dinamik, keçmişin ənənəvi tədris metodları ilə heç tanış olmamış insan potensialını təhsil sahəsinə yönəltmək ölkəmiz üçün də, dövlətimizin həqiqi mənada müasir çağırışlara cavab verən insan kapitalının hazırlanması yönündə ciddi bir addım sayıla bilər və ölkəmizi dünyanın ən güclü, lider dövlətlərindən birinə çevirə bilər. Bu proseslərin necə tətbiq ediləcəyi ilə bağlı nümunələr mövcuddur. Texniki detallara girmədən qısa olaraq:

-Finlandiyada müəllimlərə yüksək maaşdan daha önəmlisi, onlara cəmiyyətin verdiyi dəyərdir. Müəllimlər ən hörmətli peşələrdən biri sayılır və müəllim olmaq üçün yüksək səviyyəli akademik göstəricilər tələb olunur. Müəllimlər magistr dərəcəsinə sahib olmalı və ciddi seçim prosesindən keçməlidirlər. Maaşlar isə ölkədəki digər peşələrlə müqayisədə rəqabətqabiliyyətlidir. Araşdırmalar göstərir ki, Finlandiyada müəllim maaşlarının sabit və adekvat olması müəllimlərin peşəyə bağlılığını artırır, lakin bu, kurikulum azadlığı, fərdi yanaşma və inklüziv təhsil sistemi ilə birlikdə effektivlik qazanır.

-Bu məsələdə digər bir nümunə Sinqapurdur. Orda müəllimlər cəmiyyətin ən bacarıqlı insanları arasından seçilir və rəqabət böyükdür. Dövlət müəllimlərə yüksək maaş təklif edir ki, bu sahəyə ən istedadlı şəxslər cəlb olunsun. Maaş artımı müəllimlərin iş keyfiyyətinə və davamlı təlimlərə sərmayə qoyulmasına şərait yaradıb. Dövlət müəllimlərin inkişafı üçün davamlı olaraq mentorluq proqramları və beynəlxalq təlimlər təşkil edir. Bu siyasət Sinqapuru dünyanın təhsil hub-larından birinə çevirir.

-Son olaraq Estoniyanı nümunə göstərmək istəyirəm. Estoniya son 20 ildə müəllim maaşlarını dəfələrlə artırıb və hazırda Avropa İttifaqı ortalamasına yaxınlaşdırıb. Rəqəmsal texnologiyalara sərmayə qoyulması, müəllimlərin müstəqilliyinin artırılması və modern kurikulum Estoniyanın PISA reytinqlərində yüksəlməsinə səbəb olub. Maaş artımı müəllimlərin peşəyə marağını artırıb, lakin bu, eyni zamanda təhsildəki struktur islahatları ilə birlikdə həyata keçirilib.

Bu ölkələrin təcrübəsi göstərir ki, müəllim maaşlarının artırılması təhsilin keyfiyyətini yaxşılaşdıra bilər, lakin bu, digər islahatlarla birlikdə aparıldıqda daha effektiv olur. Azərbaycanda da uzunmüddətli strategiya olaraq yüksək maaş və güclü müəllim hazırlığı birgə tətbiq edilərsə, uğurlu nəticələr əldə oluna bilər.

Bir şərh yazın