Naxçıvanda yaşamağın özünəməxsus çətinlikləri var. Cəmiyyət modernləşmə ilə klassik cəmiyyət modelinin arasında bir yerdə, Şayeqanın göstərmiş olduğu kimi mədəni şizofrenik bir vəziyyətdədir. Nə Qərbli kimi Qərbli, nə də tarixdən süzülüb gələn dəyərləri yaşayan bir cəmiyyətdir. İkisinin ortasında bir yerdədir. Bu mənada insanlar arasında rəqabət düşüncəsi, ön planda olmaq arzusu cəmiyyətin digər klassiklikdən qaynaqlanan dinamikləri ilə birləşəndə sosial həyat çox qarışıq bir vəziyyət alır. Bu yazının əsas mövzusu bu olmasa da növbəti paraqraflarda qısaca danışacağım həqiqətlər Naxçıvanda zehin sağlığını qorumaq baxımından daha dəyərli olur. Mən Epiktetusu lap çoxdan oxumuşam, amma vurğuladığım kimi Naxçıvanda yaşamağa başlayandan sonra mənim üçün daha böyük dəyər ifadə etməyə başlayıb.
Həyat bəzən bizi elə reallıqlarla qarşı-qarşıya qoyur ki, haradan başlayacağımızı, nəyi dəyişdirəcəyimizi bilmirik. Epiktetusun kitabları, həyat fəlsəfəsi bu qarışıqlıqda bir işıq kimi yolumuzu aydınladır. O, nə böyük sərvət vəd edir, nə də hər şeyi düzəltməyi təklif edir. Onun məsləhətləri sadə, amma dərindir: həyatı olduğu kimi qəbul et, ancaq öz ağlını idarə etməyi öyrən. “Enchiridion” və “Discourses” kimi əsərlərində Epiktetus bizə həyatın çətinlikləri ilə necə barışacağımızı, daxili sükutumuzu necə qoruyacağımızı göstərir.
Epiktetusun fəlsəfəsinin kökü budur: “Bəzi şeylər insanın öz əlindədir, bəziləri isə deyil.” Əlimizdə olanlar – fikirlərimiz, qərarlarımız, reaksiyalarımız, və s.; əlimizdə olmayanlar – başqalarının sözləri, havanın dəyişməsi, gözlənilməz hadisələr, və s. O deyir ki, biz adətən enerjimizi əlimizdə olmayanlara sərf edirik və bu, bizi narahat, gərgin, qəzəbli edir. Məsələn, işdə kimsə haqqımızda pis danışsa, bunu dəyişdirə bilmərik. Amma buna necə reaksiya verəcəyimiz tamamilə bizə bağlıdır. Xatırlayıram ki, bir dostum işdə kolleqalarının arxasınca onun haqqında danışdığı şeylərə görə günlərlə özünə gələ bilmirdi. Bəlkə hələ də bu məsələ onun beyninin bir yerində onu narahat edir. Epiktetusun məsləhəti isə budur: diqqətini öz iradənə, öz əlində olan şeylərə yönəlt, digər insanların davranışları haqqında çox düşünmə, çünki onu dəyişmək qeyri-mümkündür. Qısa, amma tətbiq edildiyi zaman insanlara daxili sükunət verə biləcək bir sözdür.
Epiktetusun başqa bir dərsi istəklərimizlə bağlıdır. O yazır: “Azadlıq istəkləri yerinə yetirməklə yox, istəkləri aradan qaldırmaqla qazanılır.” Biz çox vaxt “əgər bu olsaydı, xoşbəxt olardım” deyirik – daha yaxşı iş, daha çox pul, başqalarından tərif eşitmək, və s. Amma Epiktetus soruşur: “Buna həqiqətən ehtiyacın varmı?” Onun fikrincə xoşbəxtlik xaricdən gələn şeylərdən asılı olmamalıdır. Əgər sən özünü bu gün, bu anda özünə kifayət edəcək qədər görmürsənsə, heç bir yeni şey bunu dəyişməyəcək. Bu, hər insanın həyatında mövcud olan bir reallıqdır. Arzularımız, istəklərimiz, maddi gəlir, üstünlük və eqo duyğusu insanların xoşbəxt olması üçün yetərli olmur.
Epiktetus həyatın qaçılmaz dəyişikliklərini də vurğulayır. “Sevdiklərini belə bir gün itirəcəksən, bunu unutma” deyir. Bu qəddarca, insanı özü və dünya haqqında hansısa sorğulamalara aparacaq şəkildə kəskin səslənə bilər, amma əslində insana çox böyük bir azadlıq duyğusu verir. Epiktetus bizə hər şeyin – sevincin, kədərin, insanların – müvəqqəti olduğunu xatırladır. Buna görə də, bir şeyə çox bağlanmaq əvəzinə, ondan zövq almağı, amma ona sahiblənməyə çalışmamağı təlqin edir. Məsələn, ailəmizlə gözəl bir gün keçiririksə qiymətləndirmək lazımdır, amma “bu həmişə belə olmalıdır” kimi düşünmək insanı eqonun dar koridorlarına salır, əksi baş verdikdə isə onu hüzursuz edir. Çünki həyat dəyişir – və Epiktetusun dediyi kimi yalnız buna hazır olmaq insanı gücləndirir.
Epiktetusun məsləhətləri nəzəriyyədə qalmır, həyatda öz əksini tapır. O, özü qul kimi doğulub, çətinliklərlə dolu bir həyat yaşayıb. Onun sözləri kitablardan yox, təcrübədən gəlir. Məsələn, “Əgər kimsə səni təhqir edirsə, bil ki, bu, onun öz zəifliyidir” deyir. O, həmçinin bizə özümüzü başqaları ilə müqayisə etməməyi öyrədir. “Sən öz rolunu oyna, başqasınınkini yox” deyir. Bu gün sosial mediada hamı öz həyatını nümayiş etdirdiyi bir dövrdə, bu sözlər daha da böyük məna kəsb edir. Sənin yolun başqasınınkından fərqli ola bilər – və bu, normaldır.
Epiktetusun fəlsəfəsi bir dəvət kimi səslənir: həyatın qurbanı olma, onun iştirakçısı ol. O, bizə böyük vədlər vermir – nə var-dövlət, nə də sonsuz sevinc. Amma verdiyi şey daha qiymətlidir: daxili güc. “Həyatda baş verənlərə görə yox, onlara verdiyin məna və baxış tərzinə görə xoşbəxt və ya bədbəxt olursan” – bu, onun ən böyük hədiyyəsidir.
Naxçıvanda, bir milyondan az insanın yaşadığı, bəzən insanların sosiallaşmaq adına bir-birləri haqqında xoşagəlməz şeylər danışdığı, bəzən də rəqabət, paxıllıq və həsədin insanları hansısa problemli yanaşmalara və davranışlara sövq etdiyi bir yerdə Epiktetus və onun minilliklərə səslənən düşüncələri insanı həyat və ölüm, insanlar, güc, maddi zənginlik, həqiqi xoşbəxtlik haqqında düşünməyə və bəşəriyyət yarandığı gündən milyardlarla insanın qayəsi olan həqiqi hüzuru tapmağa kömək edir.