Naxçıvanlı Şagirdlər Niyə Dünyanın Ən Nüfuzlu Universitetlərinə Qəbul Ola Bilmirlər?

Mən 2019-cu ildə Naxçıvana gələndə IELTS və SAT dərslərinə başladım və ilk il Şərur rayonundan bir qız məktəbli Amerika Nyu-Yorkda Hobart and Williams kollecdə Beynəlxalq Münasibətlər ixtisasına illik 76000 dollar təqaüdlə qəbul ola bildi. Daha sonra 10-a yaxın tələbəm 80-100% təqaüdlə ABŞ universitetlərindən qəbul alsalar da, yalnız iki tələbəm hazırda Amerikada təhsil alır. Bununla yanaşı, ötən 5 il ərzində tələbələrim Almaniya, Polşa, Macarıstan, Kanada, Belçika, Türkiyə, İtaliya, Çin və İngiltərədə universitetlərə qəbul olaraq təhsil ala biliblər. Əlbəttə fərdi olaraq dünyanın ən nüfuzlu universitetlərinə şagird yetişdirmək çətin bir məsələdir və bir çox hallarda digər faktorların təsiri ilə Naxçıvandan çıxmış ən zəkalı şagirdlər öz arzularını reallaşdıra bilmirlər.

Bu gün Naxçıvandan olan və dünyanın ən nüfuzlu universitetlərində təhsil alan, eləcə də Amerika, Almaniya, Hollandiya kimi ölkələrdə həkim işləyən, akademik karyera quran və ya nüfuzlu şirkətlərdə işləyən, eləcə də DİM imtahanından yüksək nəticə toplayan şagird sayına baxdığımız zaman Naxçıvanda kifayət qədər yüksək zəkaya sahib insan kapitalının olduğunu asanlıqla müşahidə etmək mümkündür. Bəs bu gün niyə həmin potensial reallaşdırıla bilmir?

Təhsildə Qlobal Uğur və Çətinliklər

Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olmaq çoxlarının arzusu olsa da, Naxçıvandan çıxan tələbələrin bu universitetlərə daxil olması hələ də çox çətin və ya mümkünsüz olaraq qalır. 2019-cu ildə IELTS və SAT hazırlığına başladıqdan sonra beynəlxalq universitetlərə qəbul olan tələbələrin sayında nəzərəçarpan artım oldu. Ancaq çox tələbə tam təqaüd qazansa da, yalnız bir neçəsi bu fürsəti dəyərləndirə bilir. Bu, təkcə akademik göstəricilərlə bağlı deyil, həm də sosial, mədəni və maliyyə faktorları ilə bağlıdır.

Bəs Naxçıvanlı şagirdlər nəyə görə Harvard, Oxford, MIT, Cambridge kimi universitetlərə qəbul ola bilmir və qəbul olma potensialı olan çoxu xaricdə təhsil almaq imkanından istifadə etmir?

1. Beynəlxalq Standartlara Uyğun Təhsil Sistemi Problemi

Dünyanın aparıcı universitetlərinə qəbul olmaq üçün beynəlxalq qəbul şərtlərinə uyğun proqramlar və metodlarla oxumaq vacibdir. Hal-hazırda Naxçıvanda tədris olunan dövlət məktəblərinin proqramları yerli kurikuluma əsaslandığı üçün qlobal rəqabətdə geridə qalır. Bir nümunə gətirə bilərəm. College Board-ın rəsmi səhifəsində Azərbaycandan Bakıda Cambridge və IB kurrikulumu ilə tədris aparan yalnız 20-ə yaxın məktəbin adı var. Dövlət məktəbləri nüfuzlu universitetlərə şagird hazırlığında təəssüf ki çox geridədir və bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Qısaca Naxçıvanla bağlı bir neçə əhəmiyyətli faktda nəzər salsaq:
IB (International Baccalaureate) və ya A-Level proqramlarının olmaması – Top universitetlər bu sistemlərə üstünlük verir. Naxçıvanda isə Kembric məktəbi hələ yeni açılıb.
Təhsildə tənqidi düşüncə və tədqiqat bacarıqlarının az inkişaf etməsi – Əzbərlikçi və testlərə əsaslanan sistem tələbələrin analitik bacarıqlarını yetərincə inkişaf etdirmir. Azərbaycan Elm və Təhsil Nazirliyi bu məsələ üzərində dayanır amma məsələnin qısa zamanda total həlli yoxdur, təəssüf ki.
Beynəlxalq olimpiadalara və müsabiqələrə çıxışın məhdud olması – Məsələn, Məntiq Olimpiadaları, Beynəlxalq STEAM yarışları, Essay və Research Competition kimi platformalarda iştirak çox azdır.

2. İngilis Dili Biliklərinin Zəifliyi

IELTS və TOEFL balı aşağı olur – Əksər tələbələrdə akademik yazı və danışıq bacarıqları qlobal səviyyədə kifayət qədər inkişaf etmir. Eləcə də ingilis dili səviyyəsi ümumən çox zəifdir. Yaxın illərdə bu məsələ üzərində düşünülməyə başlanılıb.
Akademik ingilis dili üzrə təcrübənin az olması – Məktəblərdə tədqiqat məqalələri yazmaq, rəsmi esse strukturları və debat bacarıqları kifayət qədər tədris edilmir.
Dil mühiti və praktikanın olmaması – Günlük danışıqda və akademik mühitdə ingilis dilinin istifadəsi məhduddur.

3. Düzgün Universitet və Qəbul Strategiyasının Olmaması

Beynəlxalq universitetlərə qəbul olmaq üçün yalnız yaxşı qiymətlər kifayət deyil. IELTS 7.5, SAT balı isə 1540 olan bir tələbəm bu ballarla MIT, Harvard, Stanford kimi universitetlərə qəbul şərtlərini yerinə yetirsə də heç birindən qəbul ala bilməmişdi. Bunun bir sıra səbəbləri var:
Tədqiqat layihələri və olimpiadalar – Harvard, Stanford kimi universitetlər şagirdlərin elmi layihələrdə, STEAM yarışlarında və sosial fəaliyyətlərdə iştirakını görmək istəyir.
Güclü motivasiya məktubu və fərdi esse – Tələbələr öz fərqliliyini və gələcək planlarını düzgün ifadə edə bilməlidirlər.
-Təcrübə və könüllü fəaliyyətlər – Qlobal universitetlər tələbələrin cəmiyyətə təsir edən layihələrdə iştirakı və liderlik bacarıqlarını görmək istəyir. Şagirdlər üçün isə öz liderlik bacarıqlarını göstərəcəkləri, eləcə də könüllü fəaliyyət göstərəcəyi sanballı müəssisələrin sayı yox dərəcəsindədir.

4. Maliyyə və Təqaüd Problemi

Dünyanın ən yaxşı universitetləri bahalıdır və tələbələrin əksəriyyəti təqaüdlərlə oxumaq istəyir.
-Lakin beynəlxalq təqaüdlərə müraciət edən Naxçıvanlı tələbələrin sayı çox azdır. Eləcə də qlobal təqaüd şərtlərini yerinə yetirə bilən namizədlərin sayı çox məhduddur. Yuxarıdakı problemlərlə yanaşı güclü akademik portfel və sosial layihələr olmadan qlobal təqaüdlərə qəbul çətinləşir. Hətta 80-100% təqaüd qazanan tələbələr belə bəzi hallarda xaricdə təhsil ala bilmir. Bunun əsas səbəbləri:
-Valideynlərin narahatlığı və psixoloji baryerlər – Ailələr uşaqlarını uzağa göndərmək istəmir. İki il əvvəl Naxçıvanlı bir tələbəm dünya universitet reytinqlərində ilk 100 universitet arasında olan Wisconsin-Madison, Miçiqan Universiteti kimi bir sıra universitetlərə kifayət qədər yüksək təqaüdlə qəbul olsa da ailəsi bakalavr təhsilini Azərbaycanda almasına, daha sonra magistratura təhsilini xaricdə davam etdirməsinə üstünlük verdi.
Yaşayış və viza problemləri – Bəzi proqramlarda təqaüd əsasən təhsil haqqını əhatə etsə də, yaşayış və digər xərclər tələbəyə aid olur. Naxçıvanda insanların paytaxt Bakı şəhəri ilə müqayisədə maliyyə baxımından orta gəlirlərinin daha az olması da bu məsələyə təsir edir. Lakin Azərbaycan Dövlətinin bütün xərcləri əhatə edən tam təqaüdlü proqramlarda belə naxçıvanlı namizədlərin iştirakı olduqca zəifdir.
Karyera qeyri-müəyyənliyi – Xaricdə təhsil alsalar, geri qayıdanda iş tapıb-tapmayacaqlarına dair narahatlıq var.

Nə Etməliyik?

Beynəlxalq kurikulumlara keçid (Cambridge, IB, A-Level) artırılmalıdır. Biz artıq Kembric məktəbində bu prosesə başlamışıq. Bunun üçün müəllim potensialı üzərində də işlər aparılır. Bütün müəllimlərimizin yerli kadrlar olması bizim üçün əsas prioritetdir.
İngilis dili səviyyəsi gücləndirilməli, akademik yazı və danışıq vərdişləri inkişaf etdirilməlidir. Bu məsələ istiqamətində də işlər aparılır. Daha kəskin şəkildə bu məsələ də öz həllini tapmalıdır. Çünki yerli strukturlarda da inkişafın önünü açmaq üçün dünya təcrübəsini bilmək, dünya ilə rəqabət aparmaq lazımdır.
Şagirdlərə fərdi inkişaf və liderlik bacarıqları öyrədilməlidir. Bunun üçün ilk öncə müəllimlər təlimlərə cəlb edilməli, müəllim-şagird davranışları uzun müddət ərzində dövri olaraq izlənilməlidir.
Olimpiadalar, tədqiqat layihələri və beynəlxalq yarışlarda iştirak artırılmalıdır. Biz Kembric məktəbi olaraq bu istiqamətdə işlər aparırıq. Lakin kütləvi uğur üçün daha böyük institusional dəstəyə ehtiyac var.

Nəticə

Yuxarıda da deyildiyi kimi məhdud şərtlər daxilində olsa da bu gün dünyanın ən nüfuzlu universitetlərində Naxçıvanlı şagirdlər, tələbələr təhsil alır. Bu, potensialın olduğunu, lakin daha çox dəstəyə və sistematik yanaşmaya ehtiyac olduğunu göstərir. Əgər məktəblər, valideynlər və tələbələr birgə hərəkət etsələr, yaxın illərdə Naxçıvandan Harvard, Oxford, MIT, Cambridge kimi universitetlərə daha çox tələbənin qəbul olmasına nail ola bilərik.

Bir şərh

Bir şərh yazın