Uzun yola çıxarkən insan adətən gündəlik qayğılardan, sosial rollardan, daimi tələskənlikdən və çərçivələnmiş düşüncə formalarından bir müddətliyinə azad olur. Bu azadlıqda bəzən içindən gələn səs daha aydın eşidilir, dünyanın, zamanın, insan həyatının ən həqiqi parçaları üzə çıxır, həyat bir az daha aydın görünür, qaranlıq tərəflərini ortaya çıxarır.
Belə bir vaxtda, düşüncələrimin sərbəst gəzişdiyi bir anın içində iki ölüm xəbəri eşitdim. Biri kənddə, heç kimin yaxşı tanımadığı, ömrünü səssizcə yaşamış və səssizcə bu həyatdan köçmüş yaşlı bir qadının ölümü idi. O qədər sakit bir gediş olmuşdu ki, yalnız bir neçə qonşu duymuşdu, bir neçə nəfərin qısa xatırlamaları ilə yaddaşlarda qalmışdı. Digəri isə əksinə, çoxlarının tanıdığı, televiziya ekranlarında, sosial şəbəkələrdə tez-tez görünən məşhur bir şəxsin bu günlərdə baş vermiş ölüm xəbəri idi. O qədər çox danışıldı, o qədər yazıldı ki, sanki ölüm də onu tanıyırmış kimi böyük səssizliklə deyil, gurultulu bir sükutla qarşılandı.
Bu iki fərqli ölüm xəbəri mənə eyni sualı düşündürdü: tanınmaqla tanınmamaq arasında, insanların sənin həyatına, sevincli və kədərli anlarına şahidlik etməsi arasında ölümün özü üçün bir fərq varmı? Birinin həyatı yalnız ailəsinin və yaxınlarının yaddaşında, digərinin həyatı isə minlərlə adamın paylaşımında sona çatdı. Bu fərqlilik həmin insanlar üçün, eləcə də bu kədərli sonun gözlədiyi milyardlarla insan üçün ölümün pəncəsi onlara uzananda nəyi dəyişir və dəyişəcək? Fərqli həyat yolları, fərqli talelər, fərqli sevinclər, fərqli kədərlər, amma eyni nəticə.
Ölüm xəbərini eşitdiyim bu iki insandan biri seçki qazananda, siyasi rəqiblərinə üstün gələndə, layihələrini başa çatdıranda sevinmişdi. Digəri isə oğlunun bayramda evə qonaq gəlməsinə, aldığı kiçik bir hədiyyəyə, aylıq təqaüdünün bir neçə manat artmasına, bir fincan çay içə-içə dostları ilə keçirdiyi anlara sevinmişdi. Kədərləri də fərqli olmuşdu. Biri hansısa siyasi rəqibinin sözlərinə, seçki kampaniyalarında işlərinin düzgün getmədiyinə, digəri isə qonşularının, qohumlarının onun xoş günlərinə sevinməməsinə kədərlənmişdi. Amma nəticədə ölüm qarşısında insan ruhunun sarsıntısı eyni idi. Və bu insanlarla bərabər müvəqqəti sevinc və qayğıları ilə əhatə olunmuş milyardlarla insan eyni sonluğu, eyni aqibəti gözləyir.
İnsan həyatı bir tragediyadır. Bəzən bizi rahatlasa da, bəzən qorxuya salsa da, ölümün varlığı həyatın mərkəzində dayanan dəyişməz bir həqiqətdir. Həyatın bütün oyunları, bütün planları, ambisiyaları, arzuları bu həqiqətin kölgəsində formalaşır. Bəzən yaşadığımız gündəlik hadisələr, insanların gülüşləri, sevgi hekayələri, karyera təlaşı, alış-veriş istəkləri, qazanc yarışları və məşhurların populyarlığını qorumaq üçün göstərdikləri qəribə cəhdlər bir teatr səhnəsindəki komediya oyununa bənzəyir. Amma bütün insanlara bir neçə saniyəlik yaxınlıqda dayanan ölüm bu səhnənin pərdəsini hansı insana yaxınlaşmağa qərar verirsə, məhz həmin insan üçün birdən-birə qaldırır və həmin komediyanın içində gizlənmiş tragediyanı üzə çıxarır.
Bunu dərk etdiyimiz anda yaşadıqlarımızın nə qədər mənalı və ya nə qədər boş, nə qədər lüzumlu və ya lüzumsuz olduğunu dərk edirik. O zaman həyatın nədən ibarət olduğunu yenidən düşünməyə başlayırıq. Bunun həqiqi cavabını isə ölümün yaxınlaşmağa qərar verdiyi insanlar bilir, və cavabı taparkən ölüm onları bu müvəqqəti komediyalar dünyasından aparır. Komediya isə yalnız ölümün pəncəsində müvəqqəti həqiqətlər diyarına qayıtma ehtimalı olmayanlar üçün sona çatır.
Bu qəribə oyunlar dünyasında insanlığını qoruyaraq yaşayanlara, sevinc və kədərin fövqündə qalaraq mal-mülk, var-dövlət kimi ehtiraslara təslim olmayanlara, ölümün mütləq hakimiyyəti altında sadə, sakit, dürüst, və çirkablar içində təmiz qalmağa çalışanlara salam olsun.