Kitablardan əldə edilən, məlumat əsaslı və ya sırf nəzəri konseptlərdən əldə edilmiş biliklər önəmlidir. Amma düşüncə yolu ilə, insanın praktiki olaraq qarşı qarşıya qaldığı vəziyyətlərin ona öyrətdiyi, düşüncə kanalları ilə öyrənilən bilik özünə məxsus, xüsusi, daha qalıcı və daha möhkəm olur. İslam fəlsəfəsində birinciyə kəsbi elm, yəni əmək sərf edilərək, oxuyaraq öyrənilən elm, sonuncuya isə vehbi elm, yəni birbaşa insana kəşf və ilham yolu ilə verilən elm deyilir. Ikinci həmişə mənim üçün daha dəyərli olub. Dünən bu tip biliklərin nə qədər böyük dəyərə sahib olduğunu bir daha dərk etdim.
Mən uşaqlıqdan suyu, dənizləri, gölləri sevirəm. Çoxları kimi bu mənə fərqli hüzur verir. Dünən gecə Hind okeanı sahilində, qumların üstündə ayaqyalın bir neçə kilometr yeridim. Günbatımından xeyli keçsə də su ilıq idi. Gecənin qaranlığında, okeanın dərinlikləri zülmət qaranlıq görünür və insanı vahiməyə salırdı. Buna okeandan gələn uğultu da əlavə olunduğu zaman insan özünü bir anlıq bu böyüklükdə kainatda təkbaşına, vəhşi təbiətlə qarşı qarşıya hiss edir. Eləcə də insanın bu keşməkeşlərlə, ağrılarla, sevinclərlə dolu həyat yolunda əslində yalnızlığını insana düşündürür.
Belə məqamlar eyni zamanda insanların bir-birinin qənimi kəsildiyi, Hobbes-un qeyd etdiyi kimi, bir birinin qurdu halına gəldiyi modern kapitalist sistemin kənarına çıxmaq məhdud düşüncə qəliblərindən qurtulmaq və daha mütləq ölçülər içində həyata baxmaq daha asan hala gəlir, insan beyni məhdud məsələlər yerinə daha çox öz mövcudluğu ilə əlaqəli problemlərə yönələ bilir. Mənə görə, bu bütün insanlar üçün əhəmiyyət daşımalıdır. Həyatı, yaşanılanları hiss etmək üçün. İnsan yalnız öz mövcudiyyətini, həyat və ölüm qarşısında öz mövqeyini düşünərək insanlığını, fərqliliyini, özü ilə bağlı məsələləri anlaya bilər.
Dəfələrlə bloq yazılarımda da üzərində durduğum kimi, kiçik müqayisələri, fani həqiqətləri bir kənara atan yeganə məsələ insan həyatının fani olması və insanın bir subyekt olaraq bu faniliyin şüurunda olmasıdır. İnsan özü kimi ətrafındakıların da, sevdiyi və nifrət etdiyi insanların da, olmasını canla başla istədiyi və olmasından qorxub-titrədiyi bu dünyaya aid məsələlərin də fani olduğunu qavradığı an mütləq ölçülər, mütləq həqiqətlər onun gözündə dəyər qazanır. Bəlkə də bu mənəvi sakitliyin də başlanğıcı olur. Bu olmadığı təqdirdə isə insan şüuru gülünc, mənasız, kiçik mənfəətlərin əsiri olaraq ömür boyu fərqli macəralara sürünür, müxtəlif fani şeylərin əsirinə çevrilir.
Okeanın möhtəşəm böyüklüyü, ucsuz bucaqsız genişliyi, gecənin qorxunc qaranlığı və suyun ürküdücü uğultusu mənə hər bir insan üçün qaçınılmaz sonluq olan ölümü və ölümün qarşısında dünyanın ən ali nemətlərinin zərrə qədər mütləq dəyərə sahib olmadığını bir daha dərk etdirdi. Bəlkə də həyatda ən xoşbəxt olanlar dünyada bu həqiqəti dərk edib, həqiqi bilik, elm axtarışında olub ona uyğun yaşayanlardır.