Şayeqanın “Mədəni Şizofreniya”sı, Modernləşmə və Naxçıvan

Müasir dünyada ən çox müzakirə olunan problemlərdən biri cəmiyyətlərin modernlik qarşısında yaşadığı daxili parçalanmadır. Dünyaca məşhur sosioloq və filosof Daryuş Şayeqan bu vəziyyəti “mədəni şizofreniya” adlandıraraq, xüsusilə Şərq və müsəlman cəmiyyətlərinin modern dünyanı qəbul etməkdə yaşadığı ziddiyyətləri dərin şəkildə təhlil edir. Onun fikirləri geniş bir mənzərəni əhatə edir və postsovet məkanında müsəlman kimliyinə sahib cəmiyyətləri, o cümlədən Naxçıvan kimi uzun müddət izolyasiya şəraitində qalmış bölgələrdəki sosio-mədəni vəziyyəti açıq-aydın şəkildə izah edir.

Daryuş Şayeqanın yanaşmasına görə, mədəni şizofreniya fərdlərin və cəmiyyətlərin eyni anda bir neçə mədəni kodla yaşamağa çalışması nəticəsində yaranan daxili uyğunsuzluq, psixoloji sarsıntı və nəticə olaraq ortaya çıxan hüzursuzluqdur. Bu prosesdə insanlar nə tamamilə ənənəyə qayıda bilir, nə də modern dünyaya uyğunlaşa bilirlər. Sanki cəmiyyət iki təfəkkür sistemi arasında parçalanmış vəziyyətdə yaşayır (Naxçıvanda bir insanın avropalıları təqlid edərək yaşamaq istəməsi, amma düşüncə və beyin olaraq ənənələrə sadiq qalması kimi).

Şayeqan bunu bir növ “ikili şüur” kimi təsvir edir. Bir tərəfdə dərin, köklü, dini və ənənəvi dünyagörüşü; digər tərəfdə isə texnologiya, kapitalizm və modern həyat tərzi dayanır. Bu iki sistem bir-biri ilə uzlaşmadıqda, insanlar və sosial institutlar içində daimi bir ideoloji gərginlik yaranır.

Müsəlman cəmiyyətlərində bu gərginlik daha kəskin formada ortaya çıxır. Çünki dini və ya ənənələrə bağlı dünyagörüş təkcə fərdi deyil, sosial münasibətləri və hüquqi strukturları da müəyyən edir. Modernliyə keçid isə bu strukturları dəyişdirməyi tələb edir. Nəticədə ənənənin qorunması istəyi ilə modernliyə uyğunlaşma zərurəti arasında aralıqsız mübarizə başlayır.

Bu hal gündəlik həyatda, təhsil sistemində, dövlət idarəçiliyində, mədəni davranışlarda və hətta şəxsi münasibətlərdə özünü göstərir. Bir tərəfdə dəyərlərin itirilməsi qorxusu və ya şüursuz şəkildə keçmişdən gələn dərin davranış tərzlərinə bağlılıq, digər tərəfdə isə modernliyə keçmədikdə geridə qalmaq qorxusu dayanır.

Şayeqanın konsepsiyası ilə Naxçıvan cəmiyyətini düşündüyümüz zaman, cəmiyyətdəki qarışıq, kompleks əlaqələr bütünü daha aydın başa düşülür. Naxçıvan cəmiyyəti 1990-cı illərdən başlayaraq obyektiv və subyektiv səbəblərdən otuz ildən çox faktiki izolyasiya şəraitində yaşamışdır. Bu təkcə siyasi və iqtisadi təcrid yox, həm də mədəni və informasiya izolyasiyası olaraq qarşımıza çıxır.

Belə bir şəraitdə Naxçıvanın sosial və mədəni inkişafı Azərbaycanın digər bölgələrindən daha fərqli bir xətt üzrə irəliləmiş və bu mədəni təcrid, izolyasiya özünü bir neçə formada göstərmişdir.

Azərbaycanın digər regionları ilə müqayisədə, burada mühafizəkar kodların daha uzun müddət qorunub saxlanması asanlıqla müşahidə edilir. Ciddi araşdırma etmədən belə asanlıqla demək olar ki, burada ənənəvi dəyərlər, ailə strukturu və sosial münasibətlər daha yavaş dəyişmişdir. Kənardan təsirin az olması bu kodların “donmuş” vəziyyətdə qalmasına şərait yaratmışdır. Bunun uzun müddətdə cəmiyyət üçün həm müsbət, həm də mənfi tərəfləri var. Əgər gənc nəsil adaptasiya problemi yaşamasa, öz dəyərlərini şüurlu şəkildə qavrasa, yeni dəyərləri ənənəvi dəyərlərə sintez etmək cəmiyyətin inkişafına gətirib çıxara bilər. Fəlsəfi və sosioloji mənada modernlik, onun xüsusiyyətləri isə daha dərindən bilinməlidir.

Bu o demək deyildir ki, Naxçıvan cəmiyyəti klassik təfəkkür sistemini dəyişməmişdir. Əksinə, burada da fəlsəfi kontekstdə modernlik ortaya çıxmış, lakin dərinliyə nüfuz etməmişdir. İnsanlar yeni texnologiya, internet və qlobal ideyalarla tanış olmağa başlasa da, bu yeniliklər çox vaxt səthi qalmışdır. Əsas dəyərlər və düşüncə sistemi isə əvvəlki kimi fərdlərin və sosial strukturların davranışlarına təsir etməyə davam etmişdir. Nəzərə alanda ki, Naxçıvan Sovetlər Birliyi dövründə də, dövlətin ən ucqar nöqtələrindən biri olmuşdur, buradakı sosial strukturun əslində Sovetlər Birliyindən əvvəlki dövrdən də qalıqları görünə bilər.

Digər bir tərəfdən, xüsusən də son illərdə, gənclik və köhnə nəsil arasında böyük şüur boşluğunun yaranması müşahidə edilir. Gənclər internet və sosial media vasitəsilə qlobal dünyaya daha çox bağlıdırlar. Bu isə iki nəsil arasında dünyagörüş fərqlərini kəskinləşdirib. Görünən budur ki, bu fərqlilik getdikcə daha da böyüyəcək.

Rahatlıqla demək mümkündür ki, burada inkişaf və modernləşmə arzusunun ənənə ilə ziddiyyətə düşməsi əsas məsələdir. İnsanlar daha müasir həyat tərzi, daha açıq sosial münasibətlər və daha dinamik cəmiyyət istəyirlər. Lakin dərin ənənəvi dəyərlər sistemi bu dəyişikliklərin qarşısında ciddi bir baryer yaradır. Bu vəziyyət Şayeqanın təsvir etdiyi mədəni şizofreniyanın klassik nümunəsidir. Cəmiyyət bir tərəfdən modern dünyaya qoşulmaq istəyir, digər tərəfdən isə ənənəvi kodların qorunması mexanizmi dəyişiklikləri ləngidir.

Bu ziddiyyət bir çox sahədə görünür. Təhsildə modern metodlara keçid arzusu olsa da, ənənəvi yanaşma üstünlük təşkil edir. Sosial münasibətlərdə isə şəxsi azadlıqlar barədə düşüncələr artır, amma cəmiyyətin və keçmiş dəyərlər sisteminin kollektiv nəzarəti hələ də qalır. Bu isə gənclərin qərarlarında qlobal dünyaya inteqrasiya istəyi ilə yerli sosial gözləntilər arasında seçim çətinliyi yaradır. Dil və mədəniyyət baxımından isə qlobal mədəniyyətə açıq olmaq istəyi ilə lokal identikliyin qorunması arasında gərginlik hiss olunur.

Bütün bu yuxarıda qeyd edilən məsələlərə, ziddiyətlərə, sosial sferanın gözlə görülə bilməyən kəskin dəyərlər fərqi ilə mövcudluğuna Şayeqanın təklif etdiyi həll sərt modernləşmə və ya tam ənənəyə dönüş deyil. O, “şüurlu sintez” adlandırılan bir yolu tövsiyə edir. Bu yolu belə təsvir etmək olar ki, mədəni kimlik qorunmalı, eyni zamanda da modern dünyanın tələblərini rasional şəkildə qəbul etmək lazımdır.

Yəni nə ifrat Qərbləşmə, nə də ifrat ənənəçilik heç bir halda çıxış yolu deyil. Bu iki dünyanın bir-birinə uyğunlaşdırılması üçün sağlam intellektual müzakirə, açıq cəmiyyət və təhsil islahatları tələb olunur. Daryuş Şayeqanın “mədəni şizofreniya” anlayışı Naxçıvan cəmiyyətinin son 30 ildə yaşadığı sosial və mədəni prosesləri izah etmək üçün dərin fəlsəfi və sosioloji kökləri olan bir nəzəri çərçivədir. Uzunmüddətli izolyasiya ənənəvi kodları gücləndirmiş, modern dünya ilə təmas isə yeni ziddiyyətlər yaratmışdır. Bu vəziyyət yalnız Naxçıvana məxsus deyil, lakin bölgənin coğrafi və siyasi xüsusiyyətləri bu parçalanmanı daha dərin və daha uzunmüddətli etmişdir.

Şayeqan bizə göstərir ki, inkişaf və modernlik yalnız texnologiya ilə ölçülmür. Cəmiyyətlərin öz daxilindəki düşüncə tərzindən qaynaqlanan sosial, mədəni parçalanmanı anlamaq və onu aşmaq daha vacibdir. Naxçıvanın gələcək inkişafı məhz bu balansın necə qurulacağından asılı olacaq.

Qeyd: İstifadə edilən şəkil internetdən götürülüb və Naxçıvan MR Mədəniyyət Nazirliyinə məxsusdur.

Bir şərh yazın