Beynəlxalq münasibətlər nəzəriyyəsində kiçik dövlətlərin xarici siyasət strategiyaları çox vaxt ikili seçim qarşısında qalır: ya böyük güclərə qarşı balanslaşdırma (balancing), ya da onlara tabe olaraq “bandwagoning” strategiyasını mənimsəmək. Məsələn, Ermənistanın uzun illər ərzində öz təhlükəsizlik arxitekturasını tamamilə Rusiyanın hərbi və siyasi çətiri altında qurması klassik “bandwagoning” nümunəsidir ki, bu da dövlətin suveren qərarvermə qabiliyyətini xarici güc mərkəzindən asılı hala gətirir. Lakin Azərbaycanın seçdiyi yol bu ənənəvi qəlibləri sındıraraq, nə kiməsə kor-koranə tabe olmağı, nə də birtərəfli qarşıdurmanı deyil, milli maraqlara söykənən müstəqil və çoxşaxəli strateji müstəqilliyi ön plana çıxarmışdır.
Bugünkü dəyişən geosiyasi mənzərədə Azərbaycanın beynəlxalq sistemdəki rolu, sözün əsl mənasında kiçik dövlətlərin öz coğrafi ölçülərindən kənara çıxmaq üçün strateji manevr qabiliyyətindən necə istifadə edə biləcəyinə dair beynəlxalq münasibətlərin dərslik nümunəsinə çevrilmişdir. 1945-ci ildən bəri var olan beynəlxalq münasibətlər sistemini ayaqda tutan və hansısa formada davamlılığını təmin edən prinsiplər, sistemin dayaqları sarsılmağa üz tutmuşdur. Bu qeyri-müəyyənlik şəraitində Azərbaycanın elastik xarici siyasi xətti çökən və yüksələn sistemik prinsiplərin ortasında onu strateji oyunçuya çevirmişdir. Son zamanlarda yeni geosiyasi reallıqlar və hərbi güc balansı təkrar ön plana çıxmağa başlayır ki, burada müasir beynəlxalq münasibətlər sistemində “gücün aliliyi” tez-tez “qanunun aliliyi”ni kölgədə qoyur. Belə mürəkkəb bir mühitdə kiçik dövlətlərin öz suverenliyini qoruması və yüksəlişi böyük ölçüdə onların strateji fəallığından asılıdır. Son hadisələr, xüsusilə son imzalanan tarixi sənədlər göstərir ki, Azərbaycan regional sərhədləri aşaraq qlobal əhəmiyyətli bir “orta güc” statusuna yüksəlmişdir.
Beynəlxalq siyasi diskursda öz təsdiqini tapdığı kimi, dünya sistemində artıq passiv “gözlə və müşahidə et” yanaşması fayda gətirmir. 2020-ci il qələbəsindən sonra yaranan yeni reallıqlar da göstərdi ki, dövlət öz milli maraqlarını qorumaq üçün həm hərbi, həm də diplomatik gücünü effektiv şəkildə birləşdirməlidir. Azərbaycanın yeni geosiyasi reallıqlar baxımından yüksəlişini nəzəri olaraq realizm və qarşılıqlı asılılıq konsepsiyaları açıqlayır. Con Merşaymer öz realist nəzəriyyəsində qeyd edir ki, anarxiya sistemində dövlətlər öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün daimi güc axtarışında olmalıdırlar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və hərbi modernizasiyası regional təhdidləri balanslaşdırmaq üçün bu realist zərurəti əks etdirir. Digər tərəfdən isə, Robert Keohane və Cosef Nye qarşılıqlı asılılıq nəzəriyyələrində dövlətlərin çoxsaylı kanallar vasitəsilə bir-birinə bağlı olduğunu irəli sürürlər. Özünü Avropanın enerji təhlükəsizliyi və qlobal ticarət yolları üçün əvəzolunmaz bir strateji oyunçuya çevirən Azərbaycan, öz məhdud potensialına qeyri-mütənasib diplomatik rıçaqlar qazandıran bir asılılıq şəbəkəsi yaratmağı bacarmışdır.
Azərbaycanın xarici siyasətində Bakı-Vaşinqton-London oxunun güclənməsi bu strateji dərinliyi daha da artırır. 2026-cı ilin fevral ayında ABŞ Vitse-prezidenti C. D. Vensin Bakıya rəsmi səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, Vaşinqtonun Azərbaycanı regionda sabitliyin mərkəzi kimi tanıdığının göstəricisidir. Bu tərəfdaşlıq həm də Böyük Britaniya ilə olan dərin əlaqələrlə tamamlanır. Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru olaraq qalmaqla yanaşı, 2026/27-ci illər üzrə Müdafiə sahəsində Əməkdaşlıq Planı vasitəsilə hərbi modernizasiyada da mühüm rol oynayır. Britaniyanın Azərbaycanın dəniz təhlükəsizliyi və NATO standartlarına inteqrasiyasına verdiyi dəstək Bakını Avropa və Asiyanı birləşdirən mühüm “halqa” (lynchpin) rolunda möhkəmləndirir. Eyni zamanda, regional müstəvidə İran və İsrail arasındakı gərginlik fonunda Azərbaycanın nümayiş etdirdiyi balanslı siyasət beynəlxalq münasibətlərdə “çətin balanslaşdırılan neytrallıq” sənətinin ən uğurlu tətbiqidir. Bakı, İsrail ilə hərbi tərəfdaşlığını davam etdirərkən, öz ərazisinin qonşu İrana qarşı istifadəsinə qətiyyətlə icazə verməyərək regionda müharibə tərəfi deyil, stabilləşdirici aktor olduğunu sübut etmişdir.
Nəticə olaraq, Azərbaycanın strateji çəkisi həm də onun qlobal enerji və nəqliyyat xəritəsindəki mövqeyindən qaynaqlanır. Enerji təhlükəsizliyi və Azərbaycanın Cənub Qaz Dəhlizindəki rolu Avropanın enerji şaxələndirilməsi siyasəti üçün əvəzolunmaz olaraq qalır. Digər tərəfdən isə, “Orta Dəhliz” layihəsi Şərq və Qərbi birləşdirən ən etibarlı marşrutdur. Genişmiqyaslı külək, günəş və yaşıl enerji layihələri Azərbaycanı həm də dayanıqlı enerjinin gələcək ixracatçısına çevirir. Coğrafi ölçüsündən asılı olmayaraq, rasionallıq və çevik balanslaşdırma siyasəti yürüdən dövlətlər beynəlxalq sistemin arxitekturasını yenidən formalaşdırmağa qadirdir. 2026-cı ilə qədər olan strategiya, azad edilmiş ərazilərin sürətli bərpası və “ağıllı şəhər” modelləri ölkəni beynəlxalq qabaqcıl təcrübələr üçün mühüm nümunəyə çevirmişdir. Bu mənada bu gün Bakı qlobal qərarların qəbul edildiyi və yeni dünya nizamının formalaşmasında söz sahibi olan strateji mərkəz olaraq xarakterizə oluna bilər.