“Şərin banallığı” üzərinə

Bəşəriyyət tarixi insanların bir-birinə zülm etdiyi, müharibələrlə, haqsızlıqlarla, bir-birininin qanına susayaraq qətl etdiyini göstərən nümunələrlə, qətliamlarla doludur. Qərbdə kilisənin hegemonluğunda törədilən zülmlər, İslam dünyasında iqtidar və güc üçün birinin və ya hər ikisinin ölümü ilə nəticələnən ata-oğul və ya qardaşlar arasında ortaya çıxan konfliktlərdən, kollektiv cəzalara qədər insanlıq adına utanc qaynağı hadisələr vardır. Bütün bu proseslərin hamısının bir əxlaqi dayaq nöqtəsi, bir ilahi dayanağı da həmişə bu qorxunc cinayətləri işləyənlər tərəfindən tapılmışdır.  İngilis filosofu Hobbes “insan insanın qurdudur” deyərkən haqlı idi. Tarixin bütün dövrlərində bu belə olmuşdur.

Tarixi hadisələr təkrardan ibarətdir. Böyük İslam mütəfəkkiri İbn Haldun keçmişlə gələcəyin suyla suyun bir-birinə bənzəməsindən daha yaxın olduğunu deyir.  Xüsusilə dərs alınmayan, dərs alınaraq insanların bu acıları bir daha yaşamasına əngəl olmaq üçün fərqli institusional mexanizmlərin qurulmadığı tarixi hadisələrin fərqli zamanlarda və fərqli şəkillərdə təkrar etməsi qaçınılmaz olur. Buna şərait yaradan ikinci faktor insanoğlunun unutqan olmasıdır. 100 il əvvəl baş verən qorxunc hadisələr, iki dünya müharibəsi, kütləvi qırğınlar və s. qısa müddətlik də olsa bəşəriyyətdə silkələnmələrə səbəb olsa da, yenidən o qorxunc hadisələrə yol açan faktorların trend olması bu gün açıq şəkildə görülür.

Dünya bu gün ciddi iqtisadi, siyasi, sosial və mədəni böhranla qarşı-qarşıyadır, bu böhranların bir çoxunun da qısa zaman ərzində həll olacağı gözlənilmir. Sürətli və insanı heyrət içində qoyacaq şəkildə irəliləyən texnoloji yeniliklər öz bərabərində insanoğlunun xronik problemlərini daha dərin və kompleks məsələlər olaraq ortaya çıxarmışdır.

İqtisadi böhranları, siyasi probləmləri və sosial çalxantıları bəsləyən əsl qaynaq insan təbiətində yatan “şər”in yenidən və daha güclü şəkildə ön plana çıxması və insanlığı öz hökmü altına almasıdır. Bu gün “əhvən-i şər” sayılan Qərb liberalizmi və demokratik institutları da artıq dünyanın geri qalanında hökm sürən böhranlara cavab vermək potensialını özündə daşımır və çoxları bunun fərqindədir. Son illərdə şahid olduğumuz hadisələr, informasiya əsrində dövlətlərin bir çoxunun mənimsədiyi dövlətçilik, idarəetmə fəlsəfələri, iqtidarın verdiyi gücün sərxoşluğuna qapılan bir çox qrupun davranışları göstərdi ki, 90-cı illərin əvvəllərində sanıldığının əksinə olaraq “Liberal dəyərlər” bütün dünyada hakim olmaqdan çox uzaqdır. Hətta liberal dəyərlərin əsas daşıyıcısı olan qərb cəmiyyətlərində belə gücü əllərində tutanlar bu dəyərlərin və həyat fəlsəfəsinin dünyaya hakim olmasında maraqlı deyil. Bunun əksinə olaraq, bütün dünyada, eləcə də Qərbin özündə də radikal milliyətçilik və dini fundamentalizm yüksəlişə keçməyə başladı. Bu gün artıq bu ikisi bəşəriyyətin mövcudluğunun davamlılığını və dünyanın gələcəyini təhdid edə biləcək nöqtəyə gəlib.

Milliyətçilik və dini radikalizm insan təbiətinin bir parçası olan “şər”in dövrümüzdə ortaya çıxış formasıdı. Fəlsəfəçilər içində bu köklü “şər”in üzərində duran ən böyük düşüncə adamlarından biri Hannah Arendtdir. Özünə filosof deməsə də, Arendt yəhudi əsilli alman filosofudur. Həyatının böyük bir qismi Nazilərin yəhudilərə etdiyi zülmə şahidlik edərək keçmişdir. Arendtin içində “şər” qavramını araşdırmaq istəyi də elə bu dövrün qanlı, qəddar, insanların mənsub olduğu etnik kimliyə görə qətl edildiyi şəraitə birbaşa şahidlik etməyindən irəli gəlir.

“Şərin banallığı” qavramını Arendt, Nazilərin yəhudi soyqırımında mühüm rol oynayan, ikinci dünya müharibəsindən sonra Cənubi Amerikaya qaçan və İsrail kəşfiyyat idarəsi tərəfindən tutularaq İsrailə gətirilib məhkəməsi keçirilən Adolf Eichmannın davranışları və müdafiəsi kontekstində çərçivələndirmişdir. O zaman the New Yorker jurnalının müxbiri olan Arendt, Eichmannın müdafiəsini İsraildə izləmişdir. Həqiqətən də, yüz minlərlə insanın qətlində, sürgün edilməsində əli olan bir qatil kimi Eichmannın məhkəmədə özünü müdafiə etməsi insanı heyrətlər içində qoyacaq mahiyyətdədir. Eichmann, yəhudilərin öldürülməsi ilə birbaşa əlaqəli olmadığını, hətta yəhudi tanıdıqlarına həmişə köməklik göstərdiyini və s. iddia etmişdi. Eichmanna görə yəhudilərin qətl edilməsində o günahkar deyildi, tam tərsinə etdiyi bütün işləri məsuliyyət hissi ilə edən bir dövlət adamı olmuşdu. Bu dövlət adamlığı şüuru ilə onun, hətta “öz atasını belə öldürə biləcək” iradəsi var idi.

Eichmannın müdafiəsində dedikləri, özünü günahkar hesab etməməsi qorxunc bir mənzərəni gözlər önünə sərir. Eyni zamanda başqa insanların, qrupların, xalqların acılarına, çəkdikləri əzablara, haqlarının tapdalanmasına göz yuman insanların vurdumduymazlıqlarının, soyuqqanlılıqlarının səbəblərini də açıqlayır.

Arendtə görə Eichmann normal zəkada, insanları qətl edəcək qədər anormal bir şəxsiyyətə malik olmadan “şər” olanı tətbiq edərək zaman içində etdiyi cinayəti verilən əmrlərə itaət etmə şüuru ilə mənimsəmişdir. Əslində bu təsbit bu gün baş verən qeyri-insani hadisələrə insanların laqeydliyini, zülmü həyata keçirənlərin vicdanən narahatlıq keçirməməsinin səbəbini də göstərir. Qısacası, insanoğlu günlük həyatın axışı içində qeyri etik gördüyü davranışları, sistemin təhriki, hüquq sisteminin normal göstərməsi, ən önəmlisi ətrafındakı insanların eyni cinayəti işləməsi ilə zamanla etik və normal görməyə meyllidir.

Müasir dünyanı, insanların başqa insanların çəkdikləri zülmlərə laqeydliklərinin səbəblərini  daha yaxşı anlamaq üçün Arendtin Eichmannın məhkəməsi və bunun üzərindən şərin, cinayətlərin və pisliklərin qaynağını araşdırdığı kitabı oxunmağa dəyərdir.

 

Bir şərh

  1. Milqrem sinaği kimi taninan bir eksperiment vardir, bu yazini oxuyanda, hemin o Arendtin sadece özünü bir normal işçi ve öz işin yaxşi yerine yetiren kimi qeleme vermeyi tesüf normal psixoloji haldir..

Vüsal üçün bir cavab yazın Cavabı ləğv et