Qürur

Dünyanın qəribə işləri var. İnsanlar öz kiçik bədənlərinin içində böyük yaralarla yaşayırlar, özləri ilə dərin acılar gəzdirirlər. Kimisi bir ömür boyu ailəsini dolandırmaq üçün 3-5 manatın dərdini çəkərkən, kimisi ağır xəstəliklərə sinə gərməyə çalışarkən, kimisi də həyatlarının bir dilimində yaşadıqları ağrı-acını, onların yaxasını bir ömür boyu buraxmayan kədərlərini sinələrində gəzdirirlər.

Bu acıların mənbəyi çox fərqli olsa da, hamısı insanları eyni şəkildə öz ağuşuna alır, köksünə sancılan bir ox kimi həmişə aramla sızlayan iz buraxır, sevincləri məhv edir, əbədiyyətə qədər davam edəcək bir əzaba düçar edir. Eyni zamanda insanlara qəribə bir müdriklik də bəxş edir bu əzablar. Bəlkə də belə əzablara məruz qalanlar dünyanın əsl üzünü görür, yaşanılan bütün zövqlərin faniliyini dərk edir və dünyanı, həyatı, ölümü daha dərindən qavrayır.

Əlinin çəkdiyi kədər ömrünün baharında, gənclik illərində başına gələnlərin bir ömür boyu onun ürəyindən daş kimi asılması idi. İndi artıq ömrünün son illərini yaşayan Əli, saçı başı ağarmış yaşlı bir insan olsa da illər əvvəl yaşadıqları ilk günkü kimi hər gün ona eyni iztirabları yaşadırdı. Əli elə həmin illərdən həyatdan soyumuş, gənclik həvəsləri ölümü gözləmək hissi ilə əvəzlənərək onu sanki həyatın içindən çıxarmış, izləyicisinə çevirmişdi.

***

Son dəfə ayrılıqlarından bir gün əvvəl görüşmüşdülər. Şəhərin parklarının birində uzun-uzun oturmuşdular. Əli düşüncəli idi. O isə hər zamankından daha şən idi. Oxuduğu axırıncı kitabdan, insan psixologiyasının qəribə olduğunu, insanların mürəkkəbliyinin davranışlarının təxmin edilə bilməsini çətinləşdirməsindən və s. danışmışdı. Həyatlarının qırılma nöqtəsi olduğunu heç biri bilməmişdi o görüşün. Adi bir gün kimi sağollaşıb ayrılmışdılar.

Sonrakı gün o bəzi dostları ilə şəhərin kənarında bir dağa gəzməyə getmişdi. Əli bundan xəbər tutanda artıq o şəhərə dönmüşdü. Əvvəlcə bunu yetkinliklə qarşıladı. Sonra isə bütün mənliyini qəribə bir qısqanclıq ələ keçirdi. Axı nə üçün dünən görüşəndə Əliyə deməmişdi bunu? Onun son görüşlərində dediyi kimi insan psixologiyasının mürəkkəbliyi Əlinin davranışlarında üzə çıxırdı. Əli özündəki bu qısqanclığın səbəbini anlaya bilmədən, ilk telefon danışığında onu acılamışdı və hər şeyin bitdiyini söyləmişdi. Aralarında yaşanan bu kiçik münaqişənin ikisinin də həyatını kökündən dəyişəcəyindən xəbəri olmadan…

***

Göy gurultusunun səsinə oyandı. Yayın ortaları olmasına baxmayaraq güclü yağış yağırdı. Şimşək çaxır, işığı otağı aydınladırdı. Yatağından ağır-ağır qalxdı. Əli saata doğru uzandı. Saat üç idi. Artıq yata bilməyəcəkdi. Onunla ayrıldıqdan sonra rahat yatdığı ilk gecə idi. Ayrılmalarından iki həftə keçmişdi. İlk iki gecə onun zəngini gözləmişdi. Amma boş yerə ümidləndiyini anladıqdan sonra həyat onun üçün cəhənnəmə dönmüşdü. Buna görə gecələr yata bilmir, hərdən keçmiş hadisələri xatırlayır, ixtiyarsız gözlərindən yaşlar tökülürdü. Hərdən də bundan sonrakı ömrünün mənasızlığını düşünür, intizar hissiylə könlündə çox dərin acılar hiss edirdi. Əslində zəng etsəydi ona, bəlkə də hər şey əvvəlki kimi olacaqdı. Amma qüruru buna imkan vermirdi. Əvvəldən qürurlu idi. Bu məsələdə isə qüruru daha artıqdı. Çünki sonuncu dəfə onunla danışanda “Allaha and olsun ki, bir daha nə sənə zəng edəcək, nə səni narahat edəcəyəm, yetər ki sən də məni narahat etmə. Səni həyatımdan sildiyim kimi sən də məni sil həyatından…” demişdi. Həm də heç bir zaman onu unuda bilməyəcəyini bilə-bilə “səni həyatımdan sildim” demişdi. Qəlbinin ağrıyacağını bilirdi, amma bu qədər əziyyət çəkəcəyini güman etməmişdi. Ömründə heç vaxt siqaret çəkməməsinə və siqaret çəkməkdən nifrət etməsinə baxmayaraq həmin gecə səhərə kimi siqareti siqaretə calamışdı. Nə edəcəyini bilmirdi. Onun da özü qədər inadkar olduğunu bilirdi. Özü zəng etməsə o da zəng etməyəcəkdi. Bunu bilirdi. Düşündükcə qəhər onu boğurdu. Səhərin necə açıldığını bilməmişdi həmin gecə. Bəlkə də ömründə keçirtdiyi ən dəhşətli, ən ağır, ən acılı, ən intizarlı, ən hicranlı gecə idi. Hönkürtü ilə ağlamaq istəyir, lakin ağlaya bilmirdi. Boğazında sanki nəsə düyünlənib qalmışdı. Acılar ruhuna işləmişdi. Səhərüzü yerində dayana bilməyib evdən çıxdı. Sübh vaxtı evlərinə çox da yaxın olmayan bir məsciddə namaz qıldı- Əli bəzən mənəvi rahatlıq tapmaq üçün məscidə gedər onu yaratdığına inandığı Tanrı ilə uzun-uzun söhbətləşərdi. Amma ürəyi rahatlamırdı. Səhərin alaca qaranlığında bir parkda təkbaşına gəzməyə başladı. Yağışsa bütün gücüylə davam edirdi. O “Yağışdan çox xoşum gəlir, ən sevdiyim təbiət hadisəsidir, mən olmadığım zamanlar hər yağış yağdığı zaman məni xatırlayarsan.” söyləmişdi. O zaman içindən “nə ayrılığı” deyə düşünmüş, onun sözlərinə bir məna verə bilməmişdi. Amma indi o sözlər yadına düşdükcə ürəyində qəribə bir ağırlıq hiss edir, dərk edə bilmədiyi bir iztirabla bütün bədənində bir sızıltı, bir ağrı hiss edirdi. Birdən ağrılar daha da şiddətləndi, ürək döyüntüləri artdı və bir tərəfdə oturub hönkürtü ilə ağlamağa başladı. Ağladıqca sanki boğazındakı düyün açılmağa başlayır, içindəki iztirablar azalırdı. Hava işıqlanan zaman ətrafda ağır-ağır işə gedən insanların sayı artmağa başladı. Qalxdı və evə doğru addımlamağa başladı. Evə çatıb güzgünün önünə keçdi. Gözləri qan çanağına dönmüş, gözlərinin altı şişmişdi…

Günləri keçmiş xatirələri yaddaşında canlandırmaqla keçirdi. Onun gözləri, qəribə bir səmimiyyətlə hər zaman üzünə dikilən məsum baxışları gözünün önündən getmir və ona çox böyük bir acı, bir intizar yaşadırdı. Son ümidi Onun doğum günündə zəng etməsinə qalmışdı. İçindən Allaha yalvarırdı ki, heç deyilsə doğum günündə barışsınlar. Doğum gününə bir ay qalırdı. O günləri saymağa başlamışdı. Günlər keçdikcə bu ümidi daha da güclənirdi. Bəzən elə olurdu ki, qətiyyətlə düşünürdü ki, O yenə zəng edəcək, yeddi illik adəti üzrə həzin səsiylə “doğum günün mübarək” sözünü deyəcək və bununla da hər şey əvvəlki kimi olacaqdı. İçindən özünə söz də vermişdi. Bir daha nə olursa olsun Onu incitməyəcəkdi. Bu ümidlərini də Onun kimi sevməyə başlamışdı. İndi xatirələrindən başqa, ümidləri də vardı Ondan qalan və bu xatirələrlə ümidlər indi onun üçün hər şey demək idi.

Nəhayət gözlədiyi gün gəlib çatmışdı. Gecə saat on ikini keçdi və artıq bu saatdan etibarən onun doğum günü idi. Hər dəfə on ikidən bir neçə dəqiqə keçmiş onun təbrik zəngi gələrdi. Amma bu dəfə dəqiqələr, saatlar keçir, lakin telefondan səs çıxmırdı. Saat artıq üç olmuşdu. Lakin yata bilməyəcəyini çox yaxşı bilirdi. Bütün gücüylə ümidlərini qorumağa çalışırdı. Beynində bəhanələr uydurmağa çalışırdı. “Bəlkə unudub, bəlkə yatıb…” Amma bu bəlkələrdən daha çox ürəyində bir şeyə əmin idi. İndi o da oyaq idi. Və onun da gözünə yuxu getmirdi. O da qərarsız idi. Qeyri-ixtiyari gözlərindən yaşlar axmağa başladı. Əgər bu dəfə olmasa artıq son ümidləri də öləcək və kim bilir daha nələr olacaqdı… Bütün gün boyu gözünü telefondan çəkmədi. Hər təbrik zəngi gəldiyi zaman ürəyi şiddətlə döyündü, lakin hər dəfə də ümidsizcə onun olmadığını görüb səssiz bir hüznə boğuldu. Artıq doğum gününün bitməsinə dəqiqələr qalırdı. Saat yenə gecə on ikiyə yaxınlaşırdı. Ruhunun dərinliklərindən qopub gələn ağrı-acı onu məngənə kimi sıxırdı. Nəhayət saat on iki oldu və O doğum gününü təbrik etmədi. Və aylardır qoruduğu ümidlər birdənbirə söndü. Çünki çox acımasızca Onun könlünü qırdığı zamanlar belə doğum günündə zəng etməyi ehmal etməmişdi, hər halda bu dəfə küskünlüyü daha artıqdı və heç bir zaman barışmayacaqlarına içində yəqinlik artırdı. Artıq bu dəfə özünə söz verdi. Həyatında artıq o olmayacaqdı. Nə olursa olsun dönməyəcəkdi sözündən. Bütün hər şeyi siləcəyinə söz verdi. Bundan sonra artıq yalvarsa da, dönməyəcəkdi. Bu yolun sonu nə olursa olsun qatlanacağına söz verdi. Gecəyarısı saat üçdə telefonuna mesaj gəldi. Mesaj ondan idi və o artıq bu əzablara dözə bilmədiyini və barışmaq istədiyini yazırdı. Lakin qərarını vermişdi və dönməyəcəkdi. Bunu ona açıqladı və telefonu söndürdü. Amma yenə yata bilmədi. Nəsə olacağını hiss eləmişdi. Amma özünü sakitləşdirməyə çalışdı. Eşidəcəklərindən xəbərsiz yatmağa çalışdı. Səhərə kimi gözünə yuxu getmədi. Və açılan bu səhər onun üçün ölümdən də betər olacaqdı. Çünki bu səhər onun intihar xəbərini eşidəcəkdi.

Səhər bütün şəhərə bir intihar xəbəri yayıldı. O eşitdiklərinə inana bilmirdi. Artıq hər şey üçün gec idi. Bu gün günorta saatlarında onu dəfn edəcəklərdi. Ona son borcunu ödəmək üçün yerindən qalxdı. Bu dərdi necə daşıyacağını düşünür, lakin özünün də təəccüblənməsinə baxmayaraq ürəyində heç nə hiss etmirdi, elə bil ki bütün ağrı-acıları onunla birlikdə ölmüşdü. Amma bir neçə saat sonra içində tufanların qopacağından, vicdan əzabıyla qarışıq ürəyində onun ölümündən qaynaqlanan dərin bir acı hiss edəcəyindən xəbərsizdi. Bir saat sonra artıq onun cənazəsinin yanında idi. Cənazənin başında onun gecə saat dörd radələrində özünü asdığını öyrəndi. Ah, kaş ki sözündən dönsəydi, vaxt varkən, o həyatdaykən hər şeyi düşünüb elə hərəkət etsəydi. Kaş ki hər şey tamam fərqli olsaydı.. Kaş ki bunlar yaşanmasaydı. Artıq bunun bir yuxu deyil, həqiqət olduğunu anlamış və elə bir hüznə boğulmuşdu ki, yanında dayananlar içindən qopan iniltiləri eşidirdilər. Artıq hissizlik keçib getmişdi. Yerini əvvəlkindən daha betər bir iztirab almışdı. Ürəyindən sanki daş asıldığını hiss etdi.

Bir neçə saat sonra güclü leysan yağışının altında, yeni qazılmış qəbrin başında hər tərəfi palçığa  bulaşmış bir insan oturmuşdu və için-için ağlayırdı… Çünki  artıq həyatında o yox idi…

Bakı, 2010-cu il

5 şərh

  1. Yəqin hami özünü müqəssirin yərine qoyub gərəksiz yerə etdiyi bütün qürurlarçün peşman oldu.. Bayram müellim kaş ki , bu yazini daha əvvəldən yazardi , onda bəlkə də Əlinin sevdiyi insan ölməmiş olardi .. Onun bir protitip olduğunu , mən de bilirəm amma bu yazi yazilirsa dəməli kimse mütləq ölür ya torpaqda ya da kiminsə ürəyinde basdirilir… Təssüf ki , ilk şərhi mən yaziram .. İnsanlarin oxumağa olan nifrətini anlamaq olmur.. Çox gözəl yazi idi ya da adi nedise .. Təşəkkür edirem ..

  2. Çox gözəl yazıdır demək nə dərəcədə düzgün olar bilmirəm, amma çox təsirlidir. Bir də Bayram müəllimin bu sahədə də bacarıqlı olduğunu bilmək sevindiricidir. Yazan əliniz var olsun , uğurlar…

Aysu üçün bir cavab yazın Cavabı ləğv et