Peşmançılıq

Hava buludlu idi. Yatağında o tərəf bu tərəfə dönərək təkrar yatmağa çalışsa da gözünə yuxu getmirdi. Evliliyinin ilk illərini bir xoşbəxtlik yanılğısı içində keçirsə də, hər halda Cəmilə indi buna inanırdı, həyatın gerçəklikləri illər sonra gün üzünə çıxmağa başlamışdı. O getdikcə hər şeyin həqiqi üzünün ilk göründüyü kimi olmadığına, həqiqətləri qavramaq üçün həyatın dolanbac və mürəkkəb yollarını qət etmək lazım gəldiyinə inanırdı.  Onun üçün hətta ən kiçik məsələlər, nüanslar belə şübhə oyandırır, yaşadıqlarının nəticəsi olaraq heç nəyə inana bilmirdi.

Son günlər Cəmilə Vahidlə keçirmiş olduğu 10 ili tamamilə ətrafdakı insanların dedi-qoduları və insanı çox zaman yanlış yönləndirən düşüncələrinin fövqündə, duru bir ağılla mühakimə edir, özü ilə, seçimləri ilə üzləşirdi. Onun bu məsələlər haqqında gəldiyi nəticə heç də ürəkaçan deyildi. Əslində, iki uşağı ilə bərabər, o heç də pis yaşamırdı. Maddi vəziyyətlərinə görə, imkanlarına görə insanların çoxunun qibtə ilə yanaşacağı bir həyat yaşayırdı. Ancaq bahalı geyimlər, zinət əşyaları, Vahidin dostlarının dəvət etdiyi həftə sonu əyləncələri onu artıq əvvəlki kimi həyəcanlandırmırdı.  Bu qədər dəbdəbənin içində onun ruhu getdikcə daha da yalnızlaşırdı. Cəmilənin ruhu indi ona əslində yad olan bu mühitdən iyrənməyə başlayır, doğulub böyüdüyü doğma kəndinə daha çox həsrət duyurdu. Bu qədər göstərişli həyat tərzi onu boğurdu. Cəmilə kasıbçılığın daşını önünə bir anda çıxan taleyin ona gətirmiş olduğu şansla atarkən, öz ailəsini özü ilə yeni həyatının içinə gətirə bilməmişdi. Atası, anası, bacısı və iki qardaşı kənddə qalmış, evliliyinin ilk illərində onlara maddi olaraq kömək etsə də, yeni ailəsi onun doğmalarını bu dəbdəbəli həyata qəbul etməmişdi. Zamanla Cəmilə köhnə həyat tərzi ilə bərabər vaxtilə ona doğma olan bu insanlara da yadlaşmışdı. Qəribədir ki, ayda-ildə bir dəfə qarşılaşdığı öz doğmalarına qarşı bu qədər yadlaşması onda heç bir təəssüf, kədər, əzab hissi oyatmasa da, indi bütün bunlar da onun ruhuna əzab verirdi. Yatağında gözləri qapalı öz həyatını mühakimə edərkən, yarıyuxulu halda hansısa kitabdan oxuduğu bir prinsipi indi öz həyatında açıq-aydın müşahidə edirdi: hər şey öz əslinə dönür…

Vahid ilə evliliklərinin ilk illərində Bakının cazibəsi, insanı içinə çəkən gözəllikləri onun ruhunu o qədər bürümüşdü ki, artıq həyatının tamamən dəyişdiyini zənn edərək bir daha kənddəki kasıbçılıq içindəki, sıxıcı həyatına geri dönməyəcəyini, tamamilə onun üçün yadlaşan insanların həyatından uzaqlaşdığını zənn etmişdi. Bu parıltılı həyat tərzi içində, Cəmilənin gözlərini qamaşdırmağa başlayan ilk andan etibarən, Yasinin ona təklif etdiyi və o zaman onun da içdən-içə arzuladığı, xoşbəxt olacağını düşündüyü o ailə mühitinə duyduğu istək də gözdən itmişdi. Geridə qalan hər şey kimi Yasini də, onun utancaqlıqla, təvazökarlıq, fədakarlıq və bir az da yoxsulluqla çevrələnmiş sevgisi də qısa zamanda unudulmuşdu. Lakin indi öz həyatını mühakimə edərkən hardasa 10 il əvvəl gözdən itmiş və zehninin hansısa qaranlıq nöqtəsində gizlənmiş Yasinin saflığı, məsumluğu və hər kəsdə ona qarşı qeyri-adi bir rəğbət yaradan etinasızlığı yenidən zehnində bir kölgə olaraq ortaya çıxmış və bu onu incidən ruh halı içində bu kölgə yerini indi Cəmiləyə əvvəlkindən də müdrik görünən, həyatın içində püxtələşmiş, təcrübə qazanmış olsa da hələ də əvvəlki saflığını itirməmiş Yasin surətinə vermişdi. Və qəribədir ki, keçmiş xəyalları içindən ortaya çıxan Yasin indi onun mənliyinə hakim kəsilmişdi. Həyatda müəyyən zaman dilimində insana əhəmiyyətsiz görünən, amma anidən onun həyatında hər şeyi alt-üst edən hadisələr kimi Yasinin də illər öncə çəkinərək ona təklif etdiyi qorxularla və çəkingənliklə çevrələnmiş sevgisi indi Cəmilə üçün getdikcə hər şeydən daha dəyərli olurdu.

Əlbəttə ki, bütün bunlar birdən-birə ortaya çıxmamışdı. Cəmilənin xoşbəxtlik illuziyası birdən-birə yıxılmamış, o özünü bu qədər cah-cəlal içində birdən-birə bədbəxtlərin ən bədbəxti hiss etməmişdi. Onun xoşbəxtlik anlayışını dəyişən və insanlar, hadisələr, həyat, ölüm, dünya haqqında yeni və pessimist fikirlər yaradan mühakimələr isə birdən-birə ortaya çıxmışdı. Əvvəllər həqiqiliyini sorğulamaq ehtiyacı hiss etmədiyi, amma indi iki uşaq anası olduqdan və müəyyən qədər yaşa dolduqdan sonra onu Vahidin sevgisi və həyatını sorğulamağa səbəb olan faktorlar var idi. Bəlkə də bu faktorların ən önəmlisi və onda zehni mühakimələrini daha da dərinləşdirmək və var oluşunu sorğulama ehtiyacı hiss elətdirən Vahidin son günlər ona qarşı olan davranışları, eyni zamanda qadın intuisiyası ilə Vahidin başqa qadınlarla onu aldatdığını hiss etməsi idi. Aldadılmaq hissi onda əvvəlcə alçaldılmışlıq hissi oyandırmış, küçədə yeriyərkən qonşuları ilə rastlaşdığı zaman və ya Vahidin dostlarının ailələri ilə bir arada olduqları zaman sanki hər kəs onun haqqında danışırmış hissinə qapılmışdı. Daha sonra onda keçmiş həyatını, Vahidlə evləndikdən sonrakı on illik zaman dilimini yenidən mühakimə etmək ehtiyacı doğurmuşdu.

***

Vahid ailəsinin üçüncü övladı idi. Sakit təbiətli, hər şeyin yerini bilən, oxumuş, ağıllı, gənc bir oğlan idi. Hər halda ətrafdakı hər kəs onu belə təsvir edirdi. Onun Cəmilə ilə evliliyi də qəribə olmuşdu. Ailəsi onu kənddən bir nəfərlə evləndirmək istəyəndə əvvəlcə qarşı çıxsa da, sonra anasının təlqinləri ilə yumşalmışdı. Bu yumşaqlığın bəlkə də şüuraltında başqa səbəbləri də olsa anasının ona dedikləri ona məntiqli gəlməsi nəhayət ki kənddən bir qızla evlənmək məsələsinə razılıq vermişdi. O, həyatında əvvəllər nəinki danışıb, tanış olmadığı, heç görmədiyi Cəmilə ilə evləndikdən sonra özü də təəccüblənməsinə baxmayaraq sonradan onu sevmişdi. Lakin bu sevginin bir tərəfini də hardasa böyük şəhərdə var-dövlətin ona qazandırdığı nüfuza görə özünü ona peşkəş çəkən, eqosunu oxşayan qadınlardan bezginlikdən yaranmış duyğular təşkil edirdi. Bununla yanaşı kənddə kasıbçılıq içində yaşamış, böyük şəhərlərin zənginliklərindən, əyləncələrindən xəbərsiz, bu yeni şeylərə, parlaq həyata bəzən ürkəkcə, qorxu ilə amma maraqla yanaşan Cəmilənin davranışları da Vahidin ona qarşı qəlbinin yumşalmasına gətirib çıxarmışdı. Əlbəttə bütün bunlarla bərabər Cəmilənin Vahidin həmişə gəzib-dolandığı açıq-saçıq qızlardan, qadınlardan fərqli olan qapalılığı, ağırbaşlılığı və ciddiyəti də Vahidin içində onunla bağlı xoş hisslərin yaranmasına səbəb olmuşdu. Hır halda Vahid hər zaman Cəmiləyə qarşı sevgisini özünə belə açıqlamışdı. Cəmilə nə qədər də yeni həyatın əyləncələrinə qapılsa da hələ də içində uşaqlığından qalma sadəliyi və saflığı qoruyurdu. Bu yalınlıq, sadəlik çoxlarını ovsunlayan kimi Vahidi də öz təsiri altına almışdı. O, hardasa içində Cəmilənin bu saf tərəfini görür və ona etinasız yanaşa bilmirdi. Çox maraqlıdır ki, ötüb keçən illər ərzində Vahid üçün yenidən öz əvvəlki həyatına, o həyatdakı açıq-saçıq qadınlara, onların şəhvətli və başdançıxarıcı gülüşlərinə, hətta o qısa müddətlik yaxınlıqları əsnasında hiss etdiyi qoxularına qarşı belə əvvəlkindən daha güclü bir istək oyanmışdı.

Cəmilənin gözündə getdikcə adiləşməsi, ona qarşı əvvəlki marağını itirməsi və digər qadınlara qarşı belə bir istəyin yaranması eyni zamanda ilk gənclik həyatındakı günlük macəralarla dolu günlərinə qarşı və yenidən fərqli macəralara sürüklənmə meylini də gücləndirmişdi. Vahid heyrətlər içində qalsa da, gün keçdikcə o bu hisslərinin əsirinə çevrilirdi. Cəmilədən sonra ilk dəfə fərqli bir qadına toxunduğu zaman özünə, şəxsiyyətinə qarşı bir iyrənclik hissi keçirsə də, şəhvət, gəncliyinin sürətlə tükəndiyi bu günlərdə mümkün qədər çox qadınla olmaq istəyi içindəki o zəif vicdan əzabı hissini də söndürmüşdü. Ondan sonra Vahidin yenidən əvvəlki həyatına dönüşü başlamışdı. Cəmilənin ağlına gələn, hansısa kitabdan yadında qalan o misraların ifadə etdiyi həqiqət kimi hər şey öz əslinə, ilk halına dönürdü.

Yenidən qadınların əhatəsinə düşən, fərqli qadınlarla oturub duran Vahid yalnız odlu-alovlu istəklərin tükəndiyi sevişmələrin bitdiyi o ilk anda hardasa içində Cəmiləyə qarşı bir vicdan əzabı keçirir və etdiyi əməldən peşman olurdu. Bu peşmançılığın müddəti qısa olur, bir anda içində yenidən alovlanan şəhvət hissi onun digər bütün hissləri ilə bərabər peşmançılıq duyğusunu da kölgədə qoyurdu. Digər tərəfdən isə o nə qədər də anlıq zövqlərin aludəçiliyi içində özünə təskinlik verən məqamlar tapsa da, ömrünün addım-addım sonuna yaxınlaşdığını və tükəndiyini hiss edirdi. Belə ki bu zövqlərin davamlı olmaması, bir bitişə məhkum olması həmin zövqlərin qısa müddətliyi, Vahidin içində təlatümlər yaradır, onu əzablara düçar edirdi. Bu iki hissin toqquşması ona nə qədər ağır olsa da, Vahid yaşadığı macəralardan əl çəkə bilmir, bu zövq-səfanın içində batdıqca əzabları da çoxalırdı.

***

Yeni həyatının parıltıları Cəmilənin gözündən düşərkən içində illər öncə alovlanmadan külə dönmüş hisslər yenidən canlanır, Yasinin o illərdəki sevgisinə olan ehtiyacı da artırdı. Vahidlə bu günə qədər keçən ömründə və bundan sonrakı həyatında Cəmilə hər nə qədər, bəzən şiddətlə alovlanıb onu həyatdan, hər şeydən soyutsa da, onda güclü bir biganəlik hissi yaratsa da, Yasinə qarşı hələ də hiss elədiklərini tam qavraya bilməyəcək, əgər onunla evlənmiş olsaydı xoşbəxt olub-olmayacağını, ümumiyyətlə necə bir həyat yaşayacağını özündən dəfələrlə soruşsa da, bu sualın cavabını ömrünün sonuna qədər tapa bilməyəcəkdi…

Bir şərh

  1. xatırlamıram hardasa oxumuşdum, deyirdi: peşmançılıq ölümdən sonrakı ən qədim şeydir. Bunu da yazar Qabilin habili öldürdükdən sonrakı peşmançılığı ilə əlaqələndirirdi.

no name üçün bir cavab yazın Cavabı ləğv et