Bir hekayənin düşündürdükləri

Bu yazını bir müddət əvvəl ingilis dilində yazmışdım. Düşünürəm ki, yazının vermiş olduğu mesaj hər kəs üçün faydalı ola bilər. Bu mənada yazını Azərbaycan dilinə tərcümə etməyin faydalı olacağına inanıram.

Uzun müddətdir ki, heç nə yazmırdım. Çox şey oxumağıma və qeydlər götürməyimə baxmayaraq, sakit bir yerə çəkilib ağlımdakı hekayələri kağıza köçürmək üçün kifayət qədər vaxtım olmamışdı. Dünən sifariş vermək üçün kitab axtararkən internetdə maraqlı bir hekayəyə rast gəldim. Bu hekayə məni sarsıtdı. Dünyanın və müsəlman cəmiyyətlərinin, xüsusən də öz səhvlərindən qaynaqlanan mövcud təhdidlər qarşısındakı gələcəyi haqqında dərin düşüncələrə qərq etdi.

Hekayə cəmiyyətdən təcrid olunmuş yaşlı, müdrik bir adam haqqındadır. Həmin müdrik qoca insan izdihamı arasında ibadət etməkdə çətinlik çəkdiyi zaman ruhunu tamamilə Allaha həsr etmək üçün səhraya köçmək qərarına gəlir.

Həmin müdrik qoca günlər, həftələr, aylar və illər boyu bir qurtum su ilə qidalanır və bütün vaxtını dua etməklə keçirir. Öz ruhunu, təbiəti, ulduzları və səhra həyatını müşahidə edərək müdrik bir şəxsə çevrilir. Qurdla, quşla danışmağı öyrənir. Küləyin səsini, qumun hərəkətini dinləyir, vahədəki ağacların böyüməsini izləyir. O, bu dünya, eləcə də bizim biliyimizin fövqündə olan aləmlər haqqında düşünür, Allahın yaratdıqlarına heyran qalır. Yaradılışın təkcə insanlarla və ya dünyəvi varlıqlarla məhdudlaşmadığını, bütün kainatı əhatə etdiyini dərk edir.

O, müdrik idi. Tamahdan, ehtirasdan və insan təbiətinin zəifliklərindən arınmışdı. İnsanlar ondan ilham almaq üçün ziyarətinə gəlməyə başlayır. Ziyarətçilər öz problemlərini həll etmək, çətinliklərin öhdəsindən gəlmək üçün ondan məsləhət almağa gəlir. O da bildiklərini onlara danışır. Zaman keçdikcə şöhrəti hər yerə yayılır, ziyarətçilərinin və pərəstişkarlarının sayı artır.

Bir Ramazan günü onu paytaxta dəvət edirlər. Şəhərə bir uzunqulağın belində gəlir. İzdiham onu coşğu ilə qarşılayır. Ona hörmət göstərməkdən yorulmurlar. Bu müdrik insana dərin ehtiramlarını bildirmək üçün əlini öpür, qarşısında baş əyirlər.

Ertəsi gün həmin müdrik qoca səhraya qayıtmaq üçün şəhəri tərk etməyə hazırlaşarkən, bütün insanların şəhər darvazasının önünə toplaşaraq onu yola salmağa gəldiyini görür. Ona güllər atır, onu görməyə, ona toxunmağa və hörmətlərini bir daha nümayiş etdirməyə çalışırlar.

Belə bir coşğunun, sevgi selinin qarşısında qoca anidən əlini heybəsinə atıb bir dilim çörək çıxarır. Bir ramazan günündə, insanların oruc tutduğu bir zamanda hər kəsin gözü qarşısında çörəkdən bir dişləm alaraq orucunu pozur. Bundan sonra dərin bir səssizlik çökür və izdihamın həmin coşğusu bir anlıq sükutla əvəzlənir. Sonra izdiham onu fitə basmağa, “Rədd ol, ey azğın qoca, Allahın qadağan etdiyi böyük günahı işləyən fırıldaqçı!” deyə qışqırmağa başlayır. Qocanı daşqalaq edirlər, onu təhqir edib dağılışırlar.

Qoca səhra yoluna təkbaşına davam edir. Yalnız bir nəfər onun ardınca gəlir. O, israrla soruşur: “Mən səni tanıyıram, qoca, səni tanıyıram. Sən Allahdan qorxan birisən, niyə hər kəsin gözü qarşısında orucunu pozdun?”

Qoca cavab verməyir. Amma adam əl çəkmir, verdiyi sualın cavabını bilmək istəyir. Nəhayət, qoca dözməyib izah edir:

“İnsanlar məni elə bir sevgi və hörmətlə yola salırdılar ki, bir anlıq özümü ‘seçilmiş bir şəxs’ kimi hiss etdim… Əgər bir az da belə davam etsəydilər, qürrələnəcək, özümü onlardan üstün hesab edəcək və orada qalmaq istəyəcəkdim… Məni daşlasınlar, məndən uzaq olsunlar deyə o çörəyi dişlədim. Qoy bu yersiz qürurdan və təkəbbürdən xilas olum… İndi yenidən kim olduğumu, aciz və adi bir bəndədən başqa bir şey olmadığımı bilirəm… Artıq səhraya qayıda bilərəm.”

Hekayə burada bitir. Bu hekayənin arxasındakı fəlsəfə ilə bizim coğrafiyamızdakı cəmiyyətlərin yaşadıqlarını müqayisə etmək məni gələcəyimiz haqqında düşünməyə vadar edir. Göstəriş və ehtişamın, dəbdəbənin cəmiyyətlərdə hökm sürdüyünü nəzərə alsaq, əgər bütün insanlar bu hekayədəki qocanın səmimiyyətini mənimsəsəydilər, necə olardı? Bu, hazırda ekzistensial (varlıqla əlaqəli) problemlər içində üzən bəşəriyyət üçün bir çıxış yolu ola bilərmi?

Bir şərh yazın