Təhsilin İdarəedilməsində Dəyər Yaratmaq və Peter Senge-nin “Paylaşılan Vizyon” anlayışı

Təhsil idarəçiliyi uzun illər boyunca klassik bürokratik paradiqmanın, Maks Veberin rasionallıq və iyerarxiya prinsiplərinin, habelə Frederik Teylorun elmi idarəetmə metodunun əsiri olmuşdur. Teylorist ənənədə müəllim sadəcə yuxarıdan gələn təlimatları və kurikulum tələblərini icra edən mexaniki bir texnokrat, idarəçi isə bu mexanizmin kənarında dayanan nəzarətçidir. Lakin pedaqoji mühit sənaye istehsalı mühiti deyil. İnsan şüurunun, mənəviyyatının və yaradıcılığının toxunduğu bir məkanda sadəcə kənar nəzarət mexanizmləri ilə davamlı keyfiyyət və dərin qavrayış modelləri yaratmaq ən yalın halı ilə bir xəyaldır. Məhz bu böhran nöqtəsində müasir təşkilati idarəetmə nəzəriyyəsi, xüsusilə Peter Senge-nin sistem düşüncəsi paradiqmasında irəli sürdüyü fundamental prinsiplərdən biri təhsilin xilasedici körpüsünə çevrilir: paylaşılan vizyon.

Peter Senge “Beşinci disiplin” əsərində təşkilatdaxili münasibətləri təhlil edərkən insan davranışını dörd əsas pilləyə ayırır: biganəlik, formal itaət, səmimi itaət və bağlılıq. Yuxarıdan aşağıya inzibati əmrlərlə formalaşdırılan və kollektivə təlqin edilən korporativ baxış ən yaxşı halda müəllimdə “səmimi itaət” yaradır. Yəni müəllim “oyunun qaydalarını” qəbul edir, verilən tapşırıqları dürüst yerinə yetirir, lakin təşəbbüskarlıq göstərmir, çünki bu onun daxili mənliyindən ortaya çıxan bir amal deyil. O, sadəcə “tələb olunan minimum” çərçivəsində qalır.

Digər tərəfdən paylaşılan vizyon fərdi arzu və məqsədlərin kollektiv birgəyaşayış məkanında rezonans doğurmasıdır. Burada təşkilat üzvlərini hərəkətə gətirən amil kənar tənqidlər və ya maddi mükafat deyil. Əksinə işin mahiyyətini qavramaqdan alınan mənəvi zövq və daxildən gələn mənsubluq duyğusudur. Edvard Desi və Riçard Rayanın “Qərarvermədə Azad Olma Nəzəriyyəsi” göstərir ki, insanın iş mühitinə və gündəlik iş fəaliyyətlərinə dərindən bağlanması üçün üç təməl psixoloji tələbat ödənməlidir: iş mühitində müəyyən mənada azadlıq, səriştəlilik və mənsub olma hissi. İnzibati diktə müəllimin təkbaşına hansısa layihələri ortaya çıxarma, yeniliklər yaratmaq hissini öldürür, onu kənar əmrlərin icraçısına çevirir. Paylaşılan vizyon isə müəllimə məktəbin taleyində söz sahibi olma imkanı verərək, onda sarsılmaz bir peşəkar mənsubiyyət hissi formalaşdırır.

Pedaqoji idarəetmənin ən böyük xətası rəhbərin öz şəxsi baxışını mütləq həqiqət sanaraq onu komandaya təlqin etməyə çalışmasıdır. Xarizmatik, lakin monoloqa söykənən liderlik tərzi kollektivi intellektual passivliyə sürükləyir. Təhsildə paylaşılan vizyon qavramı isə mexaniki davranışlara əsaslanmır. Bu anlayış müəllimlərin, rəhbərliyin, hətta şagird və valideynlərin fərdi dünya görüşlərinin qarşılıqlı əlaqəsi nəticəsində yaranan üzvi bir konsensusdur.

Hər bir pedaqoq məktəbə öz unikal həyat təcrübəsi, metodoloji zövqü və mənəvi idealları ilə qədəm qoyur. Liderin missiyası bu fərdi idealları sıradan çıxarmaq deyil, onları dinləmək, dərindən oxumaq və ortaq məxrəcə gətirməkdir. Məktəbin strateji inkişaf hədəfi, istər beynəlxalq standartlara inteqrasiya, istər tənqidi təfəkkürün formalaşdırılması, istərsə də qlobal rəqabətə davamlı şəxsiyyətlərin yetişdirilməsi olsun, yalnız rəhbərliyin ambisiyası olaraq qaldıqca səmərəsiz olur.

Misal üçün fizika müəllimi bilməlidir ki, onun dərslərində qurduğu tədqiqat əsaslı təlim (inquiry-based learning) məktəbin böyük düşüncə ekosisteminin təməl sütunudur. Ədəbiyyat müəllimi anlamalıdır ki, mətndəki gizli qatları aşkara çıxarmaq üçün şagirdlə apardığı dialoq məktəbin tənqidi intellekt formalaşdırmaq vizyonunun birbaşa təcəssümüdür. Məhz bu anlayış yarandıqda və müəllimlər arasında tam qəbul edildikdə fərdiliklə kollektivlik arasındakı sərhədlər silinir. “Mənim dərsim” ifadəsi “bizim gələcəyimiz” məqsədi ilə əvəz edilir.

Paylaşılan vizyon qorxu, şübhə və intriqa mühitində kök ata bilməz. Harvard Universitetinin professoru Emi Edmondsonun irəli sürdüyü “psixoloji təhlükəsiz mühit” konsepsiyası öyrənən təşkilatın ən vacib təməl daşıdır. Əgər bir məktəbdə müəllim yeni, qeyri-ənənəvi tədris metodunu sınaqdan keçirərkən uğursuzluq qorxusu yaşayırsa, tənqid olunmaqdan və ya inzibati töhmət almaqdan çəkinirsə, orada heç bir ortaq böyük vizyondan söhbət gedə bilməz.

Yaradıcılıq risk tələb edir. Risk isə yalnız öyrənmənin təbii bir pilləsi kimi qəbul edildiyi mühitlərdə mümkündür. Bunun institusional müstəvidə reallaşması ənənəvi, quru protokollarla müşayiət olunan formal metodiki iclasların daha effektiv metodlara radikal transformasiyası ilə baş verir. Bu mənada təhsil institutu daxilində Peşəkar Öyrənmə İcmaları təsis edilə bilər. Bu icmalarda müəllimlər bir-birlərinin dərslərini qüsur axtarmaq və ya rəsmi qiymət vermək üçün deyil, tədrisin necə getdiyini tədqiq etmək, şagirdin qavrama baryerlərini birlikdə aşmaq üçün müşahidə edirlər. Kollektiv tənqid yerini kollektiv təfəkkürə buraxır.

Aydındır ki, bütün inzibati yoxlamalar, monitorinqlər və əmrlər müəllimi yalnız sinif qapısına qədər apara bilər. Qapı örtüldüyü andan etibarən baş verən pedaqoji möcüzə, qavrayış məsələləri, şagirdin gözündə alışan daxili maraq və biliklə qurulan canlı təmas, ancaq və ancaq müəllimin daxili vicdanına, peşəkar ləyaqətinə və məktəbin vizyonuna duyduğu səmimi inama bağlıdır.

Təhsildə keyfiyyət inqilabı yuxarıdan gələn təlimatların mexaniki icrası ilə deyil, aşağıdan yuxarıya ucalan məna vəhdəti ilə mümkündür. Paylaşılan vizyona nail olmuş təhsil müəssisələri inzibatçının şəxsi nəzarətindən, dövri təftişlərdən və ya kənar təsirlərdən asılı qalmayan, öz daxili enerjisi ilə daim yenilənən canlı bir orqanizmə, öyrənən bir məbədə çevrilir. Çünki orada hər kəs nəyi etdiyini bildiyi qədər, onu niyə etdiyinin də fəlsəfi dərinliyinə bələddir.

Bir şərh yazın